Azərbaycanda informasiya və rabitə xidmətləri 11,1% artıb: 3,2 milyard manatı ötüb
"2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda informasiya və rabitə müəssisələri tərəfindən 3 milyard 257,1 milyon manatlıq xidmət göstərilib".
1news.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, göstərilən xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 11,1 faiz artıb.
Hesabat dövründə xidmətlərin 987,1 milyon manatını (30,3 faizini) mobil telefon rabitəsi, 524,3 milyon manatını (16,1 faizini) internet, 558,8 milyon manatını (17,2 faizini) proqram təminatının işlənməsi və bu sahədə məsləhətlərin verilməsi, 384,7 milyon manatını (11,8 faizini) informasiya, 802,2 milyon manatını (24,6 faizini) isə digər informasiya və rabitə xidmətləri təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə proqram təminatının işlənməsi və bu sahədə məsləhətlərin verilməsi xidmətlərinin dəyəri real ifadədə 32,2 faiz, internet xidmətlərinin dəyəri 21,5 faiz, informasiya xidmətlərinin dəyəri 8,6 faiz, mobil telefon rabitəsi xidmətlərinin dəyəri 3,3 faiz, digər informasiya və rabitə xidmətlərinin dəyəri isə 4,3 faiz artıb.












