Pərviz Şahbazov: Energetikada rəqabət enerji təhlükəsizliyi ilə uzlaşdırılmalıdır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Pərviz Şahbazov: Energetikada rəqabət enerji təhlükəsizliyi ilə uzlaşdırılmalıdır

Qafar Ağayev10:57 - Bu gün
Pərviz Şahbazov: Energetikada rəqabət enerji təhlükəsizliyi ilə uzlaşdırılmalıdır

“Energetika sektorunda rəqabət mühitinin inkişafı enerji təhlükəsizliyinin qorunması, təchizatın etibarlılığının təmin edilməsi və istehlakçıların maraqlarının nəzərə alınması ilə paralel həyata keçirilməlidir”.

1news.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən III Milli Rəqabət Forumunda bildirib.

Onun sözlərinə görə, sağlam rəqabət mühiti dayanıqlı iqtisadi inkişafın, sahibkarlığın və investisiya fəallığının əsas şərtlərindən biridir: “Rəqabət resurslardan səmərəli istifadəni, innovasiyaları və keyfiyyətin yüksəldilməsini stimullaşdırır, bazar iştirakçıları üçün bərabər imkanların yaradılması və istehlakçı maraqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətdə özəl sektor üçün əlverişli investisiya mühitinin inkişaf etdirilməsi və iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması prioritet istiqamətlərdəndir”.

Nazir qeyd edib ki, Rəqabət Məcəlləsinin qüvvəyə minməsi və rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illər üzrə Milli Fəaliyyət Planının təsdiqi bu sahədə dövlət siyasətinin ardıcıllığını göstərir: “Energetika sektorunun milli təhlükəsizliyin, dayanıqlı iqtisadi inkişafın və ölkənin rəqabət qabiliyyətinin təmin edilməsində strateji rolu böyükdür. Geosiyasi çağırışlar, elektrik enerjisinə artan tələbat, rəqəmsallaşma, enerji keçidi və dekarbonizasiya qlobal bazarlarda yeni reallıqlar yaradır. Etibarlı və əlçatan enerji təchizatı, müasir infrastruktur və resurslardan səmərəli istifadə iqtisadi üstünlüklərin əsas amillərinə çevrilir. Bu baxımdan, energetika sektorunda rəqabətin inkişafı enerji təhlükəsizliyi və təchizatın dayanıqlılığı ilə yanaşı, istehlakçıların maraqlarının qorunması baxımından da mühüm əhəmiyyət daşıyır”.

 

Paylaş:
74

Son xəbərlər

Bütün xəbərlər