Vaqif Abışov: “Kiminsə hay-küyü ilə dövlətin qərarı dəyişə bilməz” | 1news.az | Xəbərlər
Cəmiyyət

Vaqif Abışov: “Kiminsə hay-küyü ilə dövlətin qərarı dəyişə bilməz”

1news Redaksiyası17:03 - Bu gün
Vaqif Abışov: “Kiminsə hay-küyü ilə dövlətin qərarı dəyişə bilməz”

“Bir neçə gündür ki, hicabla bağlı, o cümlədən təhsil müəssisələrində vahid geyimlə bağlı ajiotaj və səs-küy yaranıb”.

Bunu 1news.az-a açıqlamasında AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Vaqif Abışov söyləyib.

“Dövlətin öz prinsipləri var. Azərbaycan Respublikasının Konstitusiyasında qeyd edilib ki, din dövlətdən ayrıdır. Nazirlər Kabinetinin ümumtəhsil məktəblərində vahid geyimlə bağlı qərarı var. Bu baxımdan, əlbəttə ki, birinci yerdə dövlətin qanunları və tələbləri durur. Bundan kənara çıxa bilmərik, çünki ümumtəhsil məktəbləri dövlətin nəzarətindədir. Bu baxımdan kiminsə sifarişi, diktəsi, hay-küyü ilə dövlətin qərarı dəyişə bilməz. Yəni ümumtəhsil məktəblərinin vahid geyimi ilə bağlı qərarda hər hansı bir dəyişiklik olmaz. Bu hamıya bəlli olmalıdır. Həm təhsil  alan, həm təhsil verən bu qərara tabe olmalıdır. Hazırda beş-on nəfərin hay-küy salması, xaricdən hansısa qüvvələrin və yaxud dövlətin buna öz etirazını bildirməsi bu yersizdir. Azərbaycan heç vaxt hər hansı bir dövlətin daxili işinə qarışmayıb. Ona görə də kənardan kiminsə müdaxilə etməyə cəhd göstərməsi və yaxud onları dəstəkləyən cüzi bir qüvvənin səs-küy salması Azərbaycan dövlətçiliyi üçün heç bir təsir qüvvəsinə malik deyil. Qanun qanundur”.

O əlavə edib ki, dövlətin hicabın qadağası ilə bağlı heç bir qərarı yoxdur.

“Çünki insanlar sərbəstdirlər, yəni hicab taxa da bilərlər, taxmaya da. Geyimlə bağlı hər hansı bir kriteriyalar yoxdur. Sadəcə olaraq ümumtəhsil məktəbləri üçün nəzərdə tutulub ki, vahid geyim olsun və buna da əməl edilməlidir. Uşaqlar bizim balalarımızdır, gələcəyimizdir. Verilən təlim-tərbiyə və milli-mənəvi dəyərlərin onlara aşılanması olduqca vacibdir”.

Paylaş:
89

Son xəbərlər

Bütün xəbərlər