Azərbaycanda bankların biznes kreditləri 17,2 milyard manata yüksəlib
“Azərbaycanda bankların biznes kreditləri 2026-cı ilin iyun ayına əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,4% və ya 2 milyard manat artaraq 17,2 milyard manata çatıb”.
1news.az xəbər verir ki, bunu Mərkəzi Bankın Maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov “Maliyyə Sabitliyi Hesabatı” ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bank sektoru iqtisadiyyatın müxtəlif sahələrinin maliyyələşdirilməsini davam etdirir.
“Hesabat dövründə kredit portfelində artım biznes, istehlak və ipoteka kreditləri üzrə qeydə alınıb”.
Ataxan Həsənov bildirib ki, kredit portfelinin illik artım tempi 11,8% təşkil edib.
“Bu göstərici bank sektorunun iqtisadiyyatın maliyyələşdirilməsində rolunun artdığını göstərir”.
O qeyd edib ki, biznes kreditləşməsində artım əsasən informasiya və rabitə sahələrində müşahidə olunub.
Departament direktorunun sözlərinə görə, bankların kredit portfelinin keyfiyyəti də diqqət mərkəzində saxlanılır. Restrukturizasiya edilmiş aktivlərin kredit portfelində payında azalma meyili qeydə alınıb.
Bununla yanaşı, hesabat dövründə qeyri-işlək kreditlərin artımı əsasən ticarət, xidmət və kənd təsərrüfatı sahələrində müşahidə olunub. Aparılan təhlillər artımın fərdi müştərilərlə bağlı olduğunu və sistem xarakteri daşımadığını göstərib.
Ataxan Həsənov əlavə edib ki, qeyri-maliyyə sektorunun maliyyə göstəricilərinin təhlili maliyyə sabitliyinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
“Ayrı-ayrı sahələr üzrə müəyyən fərqlər müşahidə edilsə də, təhlillərə əsasən, iqtisadiyyatın heç bir sektoru riskli kateqoriyaya aid edilməyib”.












