MDB-də əmək və sosial müdafiə üzrə Məşvərət Şurasına sədrlik Azərbaycana keçib | 1news.az | Xəbərlər
Cəmiyyət

MDB-də əmək və sosial müdafiə üzrə Məşvərət Şurasına sədrlik Azərbaycana keçib

1news Redaksiyası14:16 - Bu gün
MDB-də əmək və sosial müdafiə üzrə Məşvərət Şurasına sədrlik Azərbaycana keçib

Müstəqil Dövlətlər Birliyinin (MDB) Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik Özbəkistandan Azərbaycana keçib.

1news.az xəbər verir ki, bu barədə Şuranın Bakıda keçirilən 39-cu iclasında bildirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev çıxışında Şuranın fəaliyyətinin təcrübə mübadiləsi, əmək və sosial-iqtisadi siyasətin inkişaf perspektivlərinin müzakirəsi, innovativ yanaşmaların hazırlanması və praktiki əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda əmək, məşğulluq və sosial müdafiə sahələrində həyata keçirilən islahatlar barədə məlumat verib. Bildirilib ki, 2018–2026-cı illərdə 4 milyon insanı əhatə edən beş sosial islahat paketi icra olunub. Bu məqsədlə hər il əlavə olaraq 8 milyard manat (4,7 milyard ABŞ dolları) vəsait ayrılıb. Gələn il altıncı sosial islahat paketinin həyata keçirilməsi üçün hazırlıq işlərinə başlanılıb.

Qeyd olunub ki, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsi əvvəlki dövrlə müqayisədə iki dəfə artıb. İşlə təmin edilənlərin sayı 3,6 dəfə, özünüməşğulluq proqramına cəlb olunanların sayı 2,7 dəfə, peşə təliminə qatılanların sayı 7,1 dəfə, peşəyönümü xidmətlərindən yararlananların sayı isə üç dəfə yüksəlib. İşsizliyə görə sığorta ödənişinin orta aylıq məbləği də 1,4 dəfə artıb.

Eyni dövrdə əmək müqavilələrinin sayı 44 faiz, minimum əməkhaqqı 3,1 dəfə, orta aylıq əməkhaqqı 2,1 dəfə, əməkhaqqı fondu isə 3,4 dəfə artıb. Minimum və orta aylıq pensiyaların məbləği təxminən üç dəfə, sosial müavinət və təqaüd ödənişləri beş dəfə, ünvanlı dövlət sosial yardımının orta aylıq məbləği isə 2,5 dəfə yüksəlib.

Anar Əliyev əmək və sosial müdafiə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və xidmətlərin rəqəmsallaşdırılması istiqamətində görülən işlərdən də danışıb. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST Agentliyi və DOST mərkəzlərinin sosial xidmətlərin şəffaf, operativ və “bir pəncərə” prinsipi ilə göstərilməsində rolunu qeyd edib. Nazirlik üzrə xidmətlərin 90 faizdən çoxunun elektronlaşdırıldığı, ölkədə həyata keçirilən sosial islahatların 300-dən çox beynəlxalq mükafat və sertifikata, o cümlədən BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görüldüyü bildirilib.

Nazir iclas çərçivəsində aparılacaq müzakirələrin və fikir mübadiləsinin gələcək əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

İclasda MDB Baş katibinin müavini Nurlan Seytimovun açılış nitqi Məşvərət Şurasının Katibliyinin rəis müavini, MDB İcraiyyə Komitəsinin müşaviri Olqa Kremskaya tərəfindən səsləndirilib.

Özbəkistanın məşğulluq və yoxsulluğun azaldılması nazirinin birinci müavini Marat Jurayev ölkəsinin Şuraya sədrliyi dövründə əldə olunan nəticələr və 38-ci iclasın qərarlarının icrası barədə məlumat verib. Daha sonra MDB Baş katibi Sergey Lebedev adından Özbəkistan nümayəndələrinə əmək və sosial sahədə əməkdaşlığa verdikləri töhfəyə görə mükafatlar təqdim olunub.

İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistanın nümayəndələri çıxış edərək ölkələrində əmək və sosial müdafiə sahəsindəki vəziyyət və həyata keçirilən tədbirlər barədə məlumat veriblər.

Tədbirdə Azərbaycan və Qazaxıstanda əmək, məşğulluq və sosial müdafiə sahələrində rəqəmsal xidmətlərin inkişafı da müzakirə olunub. Həmçinin MDB-də 2028-ci ilin Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilməsi ilə bağlı tədbirlərin hazırlanması, model qanunvericilik fəaliyyətinin inkişafı, rəqəmsal platformalarda məşğulluğun statistik ölçülməsi, əmək normalarının müəyyənləşdirilməsi və sosial tərəfdaşlıq sisteminin təkmilləşdirilməsi kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
78

Son xəbərlər

Bütün xəbərlər