“Qarabağ həqiqətləri: rəqəmsal medianın imkanları və sosial təsiri” mövzusunda panel görüşü keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Qarabağ həqiqətləri: rəqəmsal medianın imkanları və sosial təsiri” mövzusunda panel görüşü keçirilib - FOTO

1news Redaksiyası19:05 - Bu gün
“Qarabağ həqiqətləri: rəqəmsal medianın imkanları və sosial təsiri” mövzusunda panel görüşü keçirilib - FOTO

Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə “Rebuild Garabagh 2026” sərgisi çərçivəsində “Qarabağ həqiqətləri: rəqəmsal medianın imkanları və sosial təsiri” mövzusunda panel görüşü keçirilib.

15 oktyabr 2026-cı il tarixində təşkil olunan görüşdə millət vəkili Hikmət Babaoğlu, "ASAN Radio və TV"nin direktoru Emin Musavi, Azərbaycan Respublikası Media və Yayım Şurasının Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli, “ASAN AI Hub”ın rəhbəri Ləman İbrahimova, Texnologiya və innovasiya üzrə mütəxəssis Fərid Pərdəşünas iştirak ediblər.

Fondun Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırovanın moderatorluğu ilə keçirilən panel görüşündə rəqəmsal medianın Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında və tarixi yaddaşın gələcək nəsillərə ötürülməsində rolu diqqət mərkəzində olub. Bu məlumatların emosional pafosdan uzaq, faktlara əsaslanan və təsirli məzmun vasitəsilə təqdim edilməsi, Qarabağda aparılan bərpa-quruculuq işləri və regionda yaranan yeni reallıqlar barədə informasiyanın qlobal informasiya məkanında daha geniş yayılması yolları müzakirə edilib. Eyni zamanda, tarixi faktların və bərpa prosesinə dair məlumatların uzunmüddətli rəqəmsal arxivlərdə qorunmasının əhəmiyyəti vurğulanıb.

Paneldə dezinformasiya və məqsədli informasiya hücumlarına qarşı mübarizə, xəbərlərin operativliyi ilə dəqiqliyi arasında balansın qorunması, məlumatların yoxlanılması və peşəkar jurnalistikanın etik prinsiplərinə riayət edilməsi məsələlərinə toxunulub. Bu istiqamətdə jurnalistlərin faktları yoxlama bacarıqlarının və cəmiyyətin media savadlılığının artırılması, media azadlığı, dövlət maraqları və informasiya təhlükəsizliyi arasında tarazlığın təmin edilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Süni intellektin media fəaliyyətinə təsiri də müzakirə mövzularından olub. Rəqəmsal platformalarda alqoritmlərin şəffaflığı, auditoriyanın manipulyasiyadan qorunması, saxta foto, video və səs materiallarının, o cümlədən deepfake məzmunların aşkarlanması və media mənbələrinə ictimai inamın qorunması üçün müasir yoxlama mexanizmlərinin tətbiqinin vacibliyi qeyd edilib.

Çıxışlardan sonra spikerlər panel iştirakçıları tərəfindən ünvanlanan sualları cavablandırıblar.

Paylaş:
73

Son xəbərlər

Bütün xəbərlər