Zəngilan Şəhəri Günü - Zəngilanın azad olunmasından 6 il ötür

Bu gün Azərbaycanda Zəngilan Şəhəri Günü qeyd olunur.
1news.az xəbər verir ki, Zəngilanın erməni işğalından azad edilməsindən altı il ötür. 2020-ci il oktyabrın 20-də, Vətən müharibəsinin 24-cü günündə Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Zəngilan şəhərinin, eləcə də rayonun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan və Muğanlı kəndlərinin azad olunduğunu elan etdi. Dövlət başçısının həmin gün səsləndirdiyi “Zəngilan bizimdir! Qarabağ bizimdir!” sözləri xalqın yaddaşına həkk olundu.
“Üç nöqtə” əməliyyatı
Zəngilan uğrunda döyüşlər İkinci Qarabağ müharibəsində Arazboyu istiqamətdə aparılan ən uğurlu əməliyyatlardan biri sayılır. Əməliyyatdan bir gün əvvəl ərazi havadan kəşf edilib, düşmənin yerləşməsi, canlı qüvvəsi, texnikası və atəş mövqeləri dəqiqləşdirilib. Növbəti gün gecə saatlarında kiçik çevik qruplar sızma əməliyyatı keçirərək düşmənə sarsıdıcı zərbələr endirib, düşmən isə qaçmağa məcbur olub. Bu zaman pilotsuz uçuş aparatları cəbhənin dərinliklərindəki artilleriya qurğularını və yaxınlaşan texnikanı məhv edib.
Strateji nəticələr
Zəngilanın azad olunması Azərbaycana Zəngəzur bölgəsinə nəzarət imkanı verdi. Ağbənd qəsəbəsi və Vejnəli yüksəkliyi təmizləndikdən sonra Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi bərpa olundu, Ermənistana hərbi yüklərin daşınmasının qarşısı alındı. Bartaz, Sığırt, Şükürataz və daha beş yüksəkliyin götürülməsi də böyük strateji üstünlük yaratdı. Ümumilikdə isə rayonun azad edilməsi Qarabağ düyününün açılmasında həlledici rol oynadı.
Qəhrəmanlıq mükafatlandırıldı
Prezident 2020-ci il dekabrın 25-də və 2021-ci il iyunun 24-də imzaladığı sərəncamlarla döyüşlərdə şəxsi igidlik göstərmiş hərbi qulluqçuları “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edib. 2020-ci il dekabrın 23-də Zəngilanda Azərbaycan bayrağını ucaldan dövlət başçısı 2023-cü il iyulun 31-də imzaladığı sərəncamla oktyabrın 20-ni Zəngilan Şəhəri Günü elan edib.
Dağıntılardan dirçəlişə
1993-cü il oktyabrın 29-da işğal olunanda Zəngilan 1 şəhərdən, 5 qəsəbədən və 79 kənddən ibarət idi. Rayonda əkinçilik və heyvandarlıq inkişaf etmişdi. 27 illik işğal dövründə evlər və tarixi abidələr dağıdıldı, infrastruktur sıradan çıxdı, ağaclar məhv edildi, təbii sərvətlər talan olundu.
Müharibədən dərhal sonra minatəmizləmə ilə yanaşı, bərpa və yenidənqurma işlərinə start verildi. Prezident rayona dəfələrlə səfər edib, təməlqoyma və açılış mərasimlərində iştirak edib. Bu müddətdə bir sıra mühüm layihələr reallaşıb:
- Zəngilan Beynəlxalq Hava Limanı 2022-ci il oktyabrın 20-də istifadəyə verilib. Aeroport Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən amillərdən biridir.
- Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməli 2021-ci il oktyabrın 26-da qoyulub. Yol Zəngəzur dəhlizinin tərkib hissəsidir.
- Ağalı kəndi “ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulub. Burada Dövlət Xidmətləri Mərkəzi və “Smart DOST” məntəqəsi fəaliyyət göstərir.
- Digər obyektlər: Konqres Mərkəzi Kompleksi, su elektrik stansiyaları və şəhər məscidi açılıb, yaşayış kompleksləri isə tikilməkdədir.
Böyük Qayıdış Zəngilandan başladı
Azad edilmiş torpaqlara qayıdış məhz bu rayondan başlayıb. 2022-ci il iyulun 19-da Ağalı kəndinə ilk sakinlər köçürülüb, köç prosesi bu gün də davam edir.
Köçənlərin məşğulluğu ilə Dövlət Məşğulluq Agentliyi məşğul olur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, rayona köçən sakinlərdən 800-dən çox nəfər məşğulluq tədbirlərinə cəlb edilib. Onların 750-sinin işlə təminatı rayon ərazisində həll olunub. 48 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları qurulub, 50-dən çox nəfər isə əmək bazarının tələblərinə uyğun peşə kurslarına cəlb edilib. Daha bir qrup sakinin işlə təmin olunması üzərində iş davam edir.
Zəngilan haqqında
Zəngilan Qarabağın cənubunda, İranla sərhəddə, Kiçik Qafqazın cənub yamaclarında yerləşir. Rayonun ərazisi 707 kvadratkilometrdir, əhalisi isə 45 min nəfərdir (1993-cü ildə 39 min idi). Mülayim isti iqlimi, sıldırım qayaları, laləli düzləri və meşələri ilə seçilən bölgədən Araz, Oxçuçay, Həkəri və Bəsitçay axır. Ərazidə tikinti daşı, əhəng xammalı, qızıl, qara mərmər kimi faydalı qazıntılar var.











