Moskva istiqamətində 630 PUA hərəkət edib: yaralananlar var

Rusiyanın Moskva və Lipetsk vilayətləri pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
1news.az xəbər verir ki, Moskva meri Sergey Sobyaninin sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri paytaxta doğru hərəkət edən 163 PUA-nı vurub. Ümumilikdə Moskva istiqamətində 630 pilotsuz uçuş aparatının hərəkət etdiyi bildirilib.
Hücum nəticəsində Yeni Moskvanın Voronovo rayonunda iki nəfər xəsarət alıb. Onlara tibbi yardım göstərilir.
Bundan başqa, Lipetsk şəhəri də PUA hücumuna məruz qalıb. Vilayətin qubernatoru İqor Artamonovun məlumatına görə, hadisə zamanı bir kişi yaralanaraq xəstəxanaya yerləşdirilib.
Vurulan PUA-ların qalıqları yaşayış binalarının fasad və pəncərələrinə, eləcə də Merkulov küçəsində yerləşən poliklinikanın binasına ziyan vurub. Hadisə zamanı poliklinikanın bağlı olduğu və binada heç kimin olmadığı qeyd edilib.
Hazırda PUA qalıqlarının düşdüyü ərazilərdə fövqəladə xidmətlərin əməkdaşları işləyirlər.












