BDYPİ sürücülərə həftəsonu ilə bağlı xəbərdarlıq edib

Həftəsonu avtomobil yollarında hərəkət intensivliyinin artacağı və yağışlı, dumanlı hava şəraitinin müşahidə olunduğu nəzərə alınaraq, sürücülərə diqqətli olmaq tövsiyə edilib.
1news.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, hazırda ölkədə mövsümə xas yağışlı və dumanlı hava şəraiti müşahidə olunur. Xüsusilə gecə və səhər saatlarında duman və çiskin görünüş məsafəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Bu isə sürücülərin digər hərəkət iştirakçılarını, yol nişanlarını, nişanlama xətlərini və digər nizamlama vasitələrini vaxtında görməsini çətinləşdirir.
BDYPİ həftənin şənbə və bazar günləri avtomobil yollarında hərəkət intensivliyinin artacağını nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülərə əlverişsiz hava şəraitində daha diqqətli olmağı, sürət həddini yol və hava şəraitinə uyğun seçməyi tövsiyə edib.
Sürücülərə, həmçinin texniki cəhətdən nasaz nəqliyyat vasitələri ilə yola çıxmamaq, dayanma, durma və parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tövsiyə olunub.
İdarə hərəkət iştirakçılarını təhlükəsizlik qaydalarına biganə qalmamağa və mənzil başına sağ-salamat çatmaq üçün məsuliyyətli davranmağa çağırıb.











