"Turandot" – Heydər Əliyev Sarayının səhnəsində uzun gözlənilən premyera - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

"Turandot" – Heydər Əliyev Sarayının səhnəsində uzun gözlənilən premyera - FOTO

1news Redaksiyası11:10 - Bu gün
Digər dillərdə oxuyun:РусскийEnglish
"Turandot" – Heydər Əliyev Sarayının səhnəsində uzun gözlənilən premyera - FOTO

Heydər Əliyev Sarayının səhnəsində "Turandot" adlı irimiqyaslı tamaşanın premyerası keçirilib. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının kollektivi Cakomo Puççininin məşhur operasının yeni quruluşunu böyük uğurla təqdim edib.

Tamaşada dünya şöhrətli tenor, Azərbaycanın Xalq artisti Yusif Eyvazov iştirak edib.

1news.az xəbər verir ki, premyerada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Son 98 ildə Azərbaycanda ilk dəfə səslənən yeni "Turandot" xüsusi olaraq Bakı səhnəsi üçün hazırlanıb.

Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev, icraçı rəssamı Əməkdar mədəniyyət işçisi Tehran Babayev, ikinci rejissoru Elnur İsmayılovdur. Tamaşanın xor hissəsi üzərində xormeyster, Əməkdar incəsənət xadimi Sevil Hacıyeva işləyib. Xoreoqraflar – Xalq artisti Mədinə Əliyeva və Əməkdar artist Anar Mikayılovdur.

Tamaşada üç fərqli ifaçı heyəti iştirak edir. Üç premyera axşamının hər birində Turandot və Kalaf partiyalarını müxtəlif solistlər ifa edəcək, dirijor pultu arxasında da müxtəlif musiqiçilər dayanacaq.

Oktyabrın 24-də məşhur Kalaf partiyasını Azərbaycanın Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, beynəlxalq səhnədə ən tanınmış Azərbaycan opera müğənnilərindən biri olan Yusif Eyvazov ifa edib. Bu partiya Yusif Eyvazovun özünəməxsus vizit kartına çevrilib. Lakin məşhur tenor onu Azərbaycanda ilk dəfə ifa edib. Həmin axşam Turandot partiyasını italiyalı soprano Karmen Cannattazio ifa edib, dirijor pultu arxasında isə italiyalı dirijor Beatriçe Venezi dayanıb.

Tamaşanın başlanmasından əvvəl keçirilən mətbuat konfransında Y.Eyvazov "Turandot" premyerasını tarixi hadisə adlandırıb.

"98 ildən sonra "Turandot" yenidən Azərbaycan səhnəsindədir. Bu, quruluşçu rejissor Mikayıl Mikayılovun quruluşçu rəssam Mustafa Mustafayevlə birlikdə bu qədər yüksək səviyyədə təqdim etdiyi yeni quruluşdur. Azərbaycan artistləri ilə birlikdə xarici opera solistləri çıxış edir", - deyə Xalq artisti qeyd edib.

Quruluşçu rejissor Mikayıl Mikayılov əlavə edib ki, kollektiv tərəfindən böyük iş görülüb. "Ümid edirik ki, tamaşaçı bizim əməyimizi qiymətləndirəcək və tamaşadan zövq alacaq. Bu, teatr mədəniyyətimiz üçün böyük dəyərə malik olan çox əlamətdar hadisədir", - o deyib.

"Turandot" Cakomo Puççininin ən məşhur operalarından biridir. Üç pərdəli tamaşa Karlo Qotssinin eyniadlı pyesi əsasında yaradılıb. Operanın librettosunu Cüzeppe Adami və Renato Simoni yazıb. Premyera 1926-cı il aprelin 25-də Milandakı La Skala teatrında Arturo Toskanininin rəhbərliyi altında baş tutub.

Bakı ictimaiyyəti operanı ilk dəfə 1928-ci ildə - dünya premyerasından cəmi iki il sonra izləyib. Bakı quruluşu Sovet İttifaqında ilk "Turandot" olub.

Puççini "Turandot" üzərində 1920-ci ilin yayından 1924-cü ildə vəfat edənədək işləyib. Bəstəkar məşhur əsərini tamamlamağa imkan tapmayıb. Operanın final hissəsi Puççininin eskizləri əsasında Franko Alfano tərəfindən tamamlanıb.

Operanın süjeti qəddar şahzadə Turandot və şahzadə Kalafın məhəbbət hekayəsi ətrafında qurulub. Qotssinin nağılında olduğu kimi, Turandot bütün elçiləri sınağa çəkir, onlara üç tapmaca verir və şərt qoyur ki, tapmacaları açan Turandotu arvad kimi alacaq, səhv cavab verən isə edam ediləcək. Bir sıra sınaqlardan sonra Kalaf tapmacaları tapır və nəhayət hisslərin gücünə təslim olan Turandotu qazanır.

Paylaş:
76

Son xəbərlər

Bütün xəbərlər