Bakıda ağacın kəsilməsi zamanı qayda pozuntusuna yol verən əməkdaş işdən çıxarılıb

Bakının Nəsimi rayonunda ağacın kəsilməsi zamanı aqrotexniki qaydaların pozulmasına görə Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşı tutduğu vəzifədən azad edilib.
1news.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin məlumatında bildirilib.
Qeyd olunub ki, 28 May küçəsində, “The Ritz-Carlton Baku” otelinə qədər olan ərazidə təxminən 10 hektar sahəni əhatə edəcək yeni parkın salınması nəzərdə tutulur. Layihə çərçivəsində hazırlıq işlərinə başlanılıb.
Əraziyə ilkin baxış zamanı, əsasən, ötən əsrin 80-ci illərində Bakıda kütləvi şəkildə əkilmiş qovaq ağacları arasında qəzalı vəziyyətdə olan ağaclar müəyyən edilib. Bildirilib ki, bu ağacların zəif kök sistemi onların aşma riskini artıraraq ətraf mühit və insanların təhlükəsizliyi üçün təhlükə yarada bilər.
Layihə çərçivəsində qəzalı ağacların götürülməsi, geniş yaşıllıq sahəsinə malik parkın salınması, yeraltı avtomobil dayanacağının tikintisi və çoxsaylı yeni ağacların əkilməsi planlaşdırılır.
Bununla belə, işlərin icrası zamanı Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən bir ağacın kəsilməsi zamanı aqrotexniki qaydalara əməl edilmədiyi aşkarlanıb. İcra hakimiyyətindən bildirilib ki, ağacın gövdəsinin içəridən çürümüş vəziyyətdə olması onun kəsilməsi zamanı müvafiq qaydalara riayət edilməsi tələbini aradan qaldırmır.
Aşkar edilmiş nöqsanla bağlı dərhal müvafiq inzibati tənbeh tədbiri görülüb, qayda pozuntusuna yol verən əməkdaş isə tutduğu vəzifədən azad edilib.
Eyni zamanda, Birliyin əməkdaşlarına ərazidə görülən işlərin məqsədi və qəzalı ağacların yaratdığı risklər barədə sakinlər arasında maarifləndirmə işlərinin aparılması tapşırılıb.











