ICESCO-nun Baş direktoru: Qarabağda gördüklərimizi dünyaya çatdırmaqdan qürur duyuruq

"Qarabağa səfər edən ilk təşkilatlardan biri olaraq azad edilmiş ərazilərdəki dağıntıları qeydə aldıq və bununla bağlı hesabat hazırladıq".
1news.az xəbər verir ki, bunu İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Maliki VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Mədəniyyət diqqət mərkəzində: ortaq gələcəyə aparan təhlükəsiz yollar” adlı panel sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, rəhbərlik etdiyi komanda Qarabağa səfərə dəvət olunub və azad edilmiş ərazilərə baş çəkərək bir sıra məsələləri araşdırıb.
“Biz Qarabağa gələn ilk təşkilat idik. Məktəbimdən olan komanda ilə birlikdə səfərə dəvət olunmuşdum. Biz gəldik, bir çox məsələləri əhatə etdik və azad edilmiş ərazilərə baş çəkən ilk təşkilat, qurum olduq”, – deyə o qeyd edib.
Salim bin Mohammed Al-Malik bildirib ki, səfər zamanı nümayəndə heyətinə təhlükəsizlik qaydaları barədə xəbərdarlıq edilib və yalnız müəyyən edilmiş marşrutla hərəkət etmələri tövsiyə olunub.
“Həmin vaxt biz bir çox yerlərdə olduq. Bizə xəbərdarlıq edilmişdi ki, sağa və ya sola hərəkət etməməliyik, yalnız bir izlə getməliyik, çünki orada minalar ola bilər. Biz dağıntıları gördük, inana bilmədiyim çox şeylə qarşılaşdıq”, – deyə Mərkəzin direktoru vurğulayıb.
O əlavə edib ki, səfər zamanı Azərbaycan Prezidenti ilə də görüşüb və Fransa, İtaliya, Kolumbiya, eləcə də ərəb regionundan olan nümayəndələrin iştirakı ilə missiya yaradıb.
Onun sözlərinə görə, Qarabağa səfər edən təxminən 7-8 nəfərdən ibarət missiya əraziləri araşdıraraq hesabat hazırlayıb. Daha sonra eyni missiya bölgəyə yenidən səfər edib və ikinci hesabatı təqdim edib.
“Bu hesabat Möhtərəm Prezidentə təqdim olundu və o, bunu təsdiqlədi. Onlar görülən işləri çox yüksək qiymətləndirdilər. Prezident bildirdi ki, bu, həqiqətən də istifadə etmək və hətta Qarabağa gələn qonaqlarına göstərmək istədiyi bir işdir. Biz bir təşkilat olaraq bunu təqdim etməkdən çox qürur duyuruq”, – deyə Salim bin Mohammed Al-Malik qeyd edib.












