Xəzər sahillərində torpaqların qanunsuz zəbtinə qarşı yeni mexanizmlər hazırlanacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Xəzər sahillərində torpaqların qanunsuz zəbtinə qarşı yeni mexanizmlər hazırlanacaq

1news Redaksiyası12:10 - Bu gün
Xəzər sahillərində torpaqların qanunsuz zəbtinə qarşı yeni mexanizmlər hazırlanacaq

Xəzər dənizinin sahilboyu ərazilərində torpaqlardan qanunsuz istifadə və zəbt hallarının qarşısının alınması üçün hüquqi mexanizmlər hazırlanacaq.

1news.az xəbər verir ki, Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, Prezident İlham Əliyevin 16 noyabr 2026-cı il tarixli Fərmanına əsasən, sahilboyu ərazilərdə torpaqlardan istifadə və onların mühafizəsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi barədə tapşırıqlar verilib. Həmçinin Xəzər dənizinin Azərbaycana aid sahilboyu ərazisinin xüsusi hüquqi statusunun, zonalaşdırılmasının və hüquqi rejiminin müəyyən edilməsinə dair təkliflər hazırlanacaq.

Sahilboyu ərazilərdə torpaq, tikili, infrastruktur və digər obyektlərin əks olunduğu coğrafi informasiya sistemləri (CİS) əsaslı aktual xəritələrin və məlumatların saxlandığı “Rəqəmsal sahil idarəetməsi” informasiya sistemi yaradılacaq.

Digər dövlət informasiya sistemləri ilə inteqrasiyası nəzərdə tutulan sistem həm dövlət qurumlarının koordinasiyalı fəaliyyəti ilə bağlı zəruri inzibati icraat prosedurlarının, həm də əhaliyə xidmətlərin rəqəmsal platforma üzərindən təşkilinə imkan verəcək.

Əhaliyə, o cümlədən sahibkarlara xidmətlərin “bir pəncərə” prinsipi əsasında göstərilməsi nəzərdə tutulur. Bu, torpaqdan istifadə ilə bağlı məsələlərin daha çevik və distant şəkildə həllini, inzibati prosedurların sadələşdirilməsini təmin edəcək.

Fərmana əsasən, sahilboyu ərazilərdə idarəetmə və nəzarətdə iştirak edən dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, torpaqlardan istifadə və onların mühafizəsi sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsi funksiyaları Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilib.

Sənəd sahilboyu ərazilərdə davamlı inkişafın və ekoloji sabitliyin təmin olunmasına, dövlət orqanlarının koordinasiyalı fəaliyyətinə, səmərəliliyin və çevikliyin artırılmasına, rəqəmsal idarəetmə modellərinin tətbiqinə yönəlib. Məqsəd həmçinin torpaqların effektiv idarə edilməsini, onların istifadəsinə və mühafizəsinə dövlət nəzarəti mexanizmlərinin təkmilləşdirilməsini təmin etməkdir.

Sənədin əhatə dairəsinə adalar, məskunlaşdırılmış və məskunlaşdırılması nəzərdə tutulan ərazilər, sənaye, energetika, liman, müdafiə və sərhəd mühafizəsi məqsədləri üçün istifadə olunan ərazilər, eləcə də normativ hüquqi aktlarla müəyyən edilmiş digər xüsusi statuslu ərazilər daxil deyil.

Məlumatda qeyd olunub ki, son illərdə Xəzərin sahilboyu ərazilərində urbanizasiya proseslərinin artması, antropogen təsirlər nəticəsində ekoloji vəziyyətin pisləşməsi və dənizin geri çəkilməsi dövlət idarəetməsinin və ərazi planlaşdırılmasının müasir çağırışlara uyğun, daha çevik və əlaqələndirilmiş şəkildə təşkilini zəruri edib.

Yeni yanaşma torpaqların idarə olunmasında səmərəliliyin artırılmasını, dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsini, sahilboyu ərazilərin qorunması üçün mühafizə və nəzarət tədbirlərinin gücləndirilməsini, monitorinq və hesabatlılığın təkmilləşdirilməsini nəzərdə tutur.

Sahilboyu ərazilərin hüquqi statusunun müəyyənləşdirilməsi, zonalaşdırılması, ətraf mühitin mühafizəsi, iqtisadi fəaliyyət sahələrinin inkişafı, turizm və rekreasiya imkanlarının genişləndirilməsi istiqamətində beynəlxalq təcrübə nəzərə alınmaqla vahid yanaşma tətbiq ediləcək.

Görüləcək tədbirlər sahilboyu ərazilərin davamlı inkişafına, ekoloji tarazlığın qorunmasına, şəffaflığın və səmərəliliyin artırılmasına töhfə verəcək.

Paylaş:
71

Son xəbərlər

Bütün xəbərlər