Fatih Birol: Enerji bazarları əvvəlki vəziyyətinə qayıtmayacaq

Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol bildirib ki, İran müharibəsi enerji bazarlarına münasibəti dəyişib və bazarlar əvvəlki vəziyyətinə qayıtmayacaq. O, 2026-cı ildə baş verən təlatümlərdən sonra 2027-ci ildə bazarların "normallaşacağına" dair fikirlərə şübhə ilə yanaşdığını qeyd edib.
"2026-cı ilin fevral ayında mövcud olmuş vəziyyətə qayıtmaq üçün heç bir inandırıcı yol görmürəm", - The Economist üçün yazdığı məqaləsində F. Birol qeyd edib. Onun sözlərinə görə, Hörmüz boğazından gəmilərin hərəkətinin bir dəfə bloklanması neft və qaz bazarlarına ciddi dağıdıcı təsir göstərib və bu hal yenidən təkrarlana bilər. BEA rəhbəri əlavə edib ki, boğaza enerji və digər yüklər üçün təhlükəsiz və etibarlı dəhliz kimi olan inam sarsılıb, risk təsəvvürləri həmişəlik dəyişib.
F. Birol qeyd edib ki, 2027-ci ildə enerji təchizatının daha sabit olacağına və yanacaq qiymətlərinin yüksək səviyyədən enəcəyinə ümid etsə də, dünya ölkələri tədarük kəsintilərindən asılılığı azaltmağa çalışacaq. Ticarət enerji sektoru üçün əhəmiyyətini qoruyacaq, lakin dövlətlər yanacaq növlərinin, enerji texnologiyalarının, təchizatçıların və marşrutların şaxələndirilməsinə daha çox diqqət yetirəcək. Yeni marşrutlara Yaxın Şərqdən Hörmüz boğazından yan keçən boru kəmərləri daxildir ki, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı bu istiqamətdə sürətlə irəliləyir. Bununla belə, qlobal enerji sistemi zamanla boğazdan asılılığı azaltsa da, Yaxın Şərq enerji təhlükəsizliyi və bazarlar üçün həyati əhəmiyyətini saxlayacaq.
Xüsusilə yanacaq idxal edən ölkələr iqtisadi şərtlər və resurslar imkan verdikcə daxili enerji mənbələrinə üstünlük verəcək. Rəqabətqabiliyyətli xərcləri sayəsində bundan ən çox bərpa olunan enerji mənbələri - günəş və külək enerjisi faydalanacaq. Bu tendensiya nüvə enerjisinə qayıdışa da təkan verəcək, lakin yeni enerji mənbələrinin sürətli genişlənməsi zamanı enerji və vəsait itkisinin qarşısını almaq üçün elektrik şəbəkələrinə və batareya saxlama sistemlərinə ehtiyac yaranacaq. Öz sərhədləri daxilində qazıntı yanacağı ehtiyatları olan ölkələr isə xüsusilə Asiyanın bəzi hissələrində kömürdən istifadədən imtina etməkdə çətinlik çəkə bilər.
2026-cı ildə neft və qaz qiymətlərindəki kəskin artım gündəlik həyatda istifadə olunan elektromobillər və istilik nasosları kimi elektrik məhsullarına tələbatı artırıb. Hörmüz böhranı başlayandan bəri Avstraliyadan Hindistana və Braziliyaya qədər onlarla ölkədə elektromobil satışlarında üçrəqəmli artım qeydə alınıb. Bu məhsulların geniş və davamlı yayılması enerji xərclərini azaltmaqla yanaşı, qlobal emissiyaların aşağı salınmasına da kömək edə bilər.
Enerji böhranı həmçinin hazırlıqlı olmağın əhəmiyyətini göstərib. BEA-ya üzv ölkələr tədarük kəsintilərinin iqtisadi təsirini yumşaltmaq üçün fövqəladə neft ehtiyatlarından istifadə edib. Enerji şokundan ən çox zərər çəkən regionlardan biri olan Cənub-Şərqi Asiyada Filippin və Tailand kimi digər dövlətlər də oxşar ehtiyatlar yaratmağa çalışır.
F. Birolun fikrincə, qeyri-müəyyənlik, dəyişkənlik və proqnozlaşdırıla bilməməzlik şəraitində ən qıt resurs etimaddır və aşağı etimad mühiti əlavə xərclər tələb edir. Ehtiyatların toplanması və əlavə güclərin yaradılması maliyyə yükünü artırır, belə ki, ehtiyat yönümlü sistemlərin istismarı ticarətin qloballaşması ilə geniş yayılmış "vaxtında çatdırılma" sistemlərindən daha baha başa gəlir.
Agentlik rəhbəri Yaxın Şərqdəki münaqişələrin qlobal təchizata təsiri, "El-Ninyo" təbiət hadisəsinin hava şəraitinə və enerji sistemlərinə təsiri, Avropanın qış mövsümündə məhdud təbii qaz təchizatının öhdəsindən necə gələcəyi və artan faiz dərəcələrinin inkişaf etməkdə olan ölkələrdə yeni enerji layihələrinin maliyyələşdirilməsinə təsiri kimi sualların açıq qaldığını bildirib. O vurğulayıb ki, enerji sahəsində qərar qəbul edən şəxslər köhnə asılılıqları aradan qaldırarkən yenilərini yaratmaqdan çəkinməli, təhlükəsiz, əlçatan və dayanıqlı enerji təmin edəcək yanacaq növlərinə, texnologiyalara və tərəfdaşlara üstünlük verməlidir.










