Antalyada BMT-nin COP31 iqlim danışıqları razılaşma olmadan başa çatıb

Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin iqlim danışıqları nəticəsiz başa çatıb. COP31-ə sədrlik edən Türkiyə və Avstraliya iqlim dəyişikliyi ilə mübarizənin irəlilədilməsi üzrə konsensus əldə edə bilməyib, Avropa İttifaqı və digər tərəflər isə yekun saziş layihəsini rədd edib.
İki həftədən çox davam edən və nəzərdə tutulan vaxtdan artıq uzanan danışıqlardan sonra Türkiyədən olan COP31 sədri Murat Kurum yekun plenar iclasda sazişin təsdiqlənmədiyini bəyan edib.
"Aydındır ki, bu zalda həmin mətnə qarşı çıxan tərəflər var. Biz bu sənəd üzrə konsensusun olmadığını qəbul edirik. Buna görə də bu qərarlar qəbul edilməyib", - deyə M. Kurum bildirib.
Danışıqlara rəhbərlik edən Avstraliya və ev sahibi Türkiyə iqlim dəyişikliyinə ən həssas olan ölkələrin ehtiyacları ilə iqtisadiyyatı qazıntı yanacaqlarının hasilatı və ya istehlakından asılı olan dövlətlər arasında kompromis tapmağa yönəlmiş bir neçə mətn layihəsi təqdim etmişdi. Sənəddə ilk dəfə olaraq qlobal istiləşmənin ölkələrin qorumağa çalışdığı 1,5 dərəcə Selsi həddini aşmaq üzrə olduğu etiraf olunur, eyni zamanda bu həddin aşılmasını sonradan geri qaytarmaq üçün karbonun təmizlənməsi texnologiyalarının daha sürətli inkişafına çağırılırdı. Lakin tənqidçilər mətni kifayət qədər iddialı hesab etməyib və konsensus əldə etmək cəhdi uğursuz olub.
Antalyada siyasi bəyannamə üzrə razılığın əldə olunmaması beynəlxalq tədbirlərin gücləndirilməsi səylərinə ciddi zərbə olsa da, əvvəlki sammitlərdə razılaşdırılmış öhdəlikləri ləğv etmir, eləcə də iqlim dəyişikliyinə qarşı çoxtərəfli fəaliyyəti tənzimləyən texniki və hüquqi çərçivələri aradan qaldırmır.
Danışıqların uğursuzluğa düçar olması Avropada ekstremal istilər və Nepalda buzlaq daşqınları kimi qlobal istiləşmənin ən dağıdıcı təsirlərinin müharibələrin tələbləri və yaşayış xərclərinin kəskin artması ilə bağlı ictimai narazılıqlar fonunda kölgədə qaldığı bir dövrə təsadüf edib.
COP prosesi ölkələrin qlobal istiləşməni cilovlamaq üçün səylərini əlaqələndirdiyi əsas mexanizmdir. Onun illik sammiti dövlətlərin həll yolları tapmaq üçün birgə işləməyə və temperaturun yüksəlməsi nəticəsində yaranan çoxsaylı problemlərin maliyyələşdirilməsinə kömək etməyə hazır olduqlarını göstərmək baxımından mühüm imkan kimi qiymətləndirilir. BMT-nin iqlim danışıqlarında sonuncu böyük uğursuzluq 2009-cu ildə Kopenhagendə qeydə alınmışdı. Həmin vaxt ölkələr "Kopenhagen razılaşması"nı konsensusla qəbul edə bilməmiş və bu, çoxtərəfli iqlim diplomatiyası üçün geriləmə olmuşdu.









