Mikayıl Cabbarov: Azərbaycan-İtaliya ticarət dövriyyəsi 9 milyard dolları ötüb | 1news.az | Xəbərlər
Siyasət

Mikayıl Cabbarov: Azərbaycan-İtaliya ticarət dövriyyəsi 9 milyard dolları ötüb

Qafar Ağayev11:48 - Bu gün
Mikayıl Cabbarov: Azərbaycan-İtaliya ticarət dövriyyəsi 9 milyard dolları ötüb

“Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsi bu ilin ilk doqquz ayında 9 milyard ABŞ dollarını ötüb”.

1news.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-İtaliya Biznes Forumunda deyib.

O bildirib ki, İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır və bu ölkənin şirkətləri Azərbaycanda müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir. Nazir qeyd edib ki, tərəflər iqtisadi əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdırlar.

“2025-ci ildə ikitərəfli ticarət dövriyyəmizin həcmi 12 milyard ABŞ dollarına yaxın olub. Bu il daha yüksək nəticələr gözləyirik. Hazırda İtaliyanın 130-a yaxın şirkəti Azərbaycanda sənaye, tikinti, kənd təsərrüfatı, nəqliyyat, ticarət, xidmət və digər sahələrdə fəaliyyət göstərir”, - deyə M.Cabbarov vurğulayıb.

Nazir Azərbaycanın da İtaliya iqtisadiyyatına uzunmüddətli sərmayələr yatırdığını diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycan Dövlət Neft Fondu son bir neçə ildə İtaliya iqtisadiyyatına təxminən 3 milyard ABŞ dolları investisiya qoyub.

M.Cabbarov qeyd edib ki, bu ilin mayında SOCAR-ın “Italiana Petroli” şirkətində nəzarət payını əldə etməsi Azərbaycanın İtaliya iqtisadiyyatında uzunmüddətli investor kimi iştirakını gücləndirib. Beləliklə, Azərbaycan İtaliyanın enerji bazarında həm təchizatçı, həm də investor kimi təmsil olunur.

İqtisadiyyat naziri, həmçinin sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında yeni ikitərəfli saziş layihəsinin yaxın gələcəkdə imzalanmasının hədəfləndiyini bildirib.

O, enerji əməkdaşlığının iki ölkə arasında iqtisadi əlaqələrin əsas istiqamətlərindən biri olaraq qaldığını vurğulayıb. Qeyd edib ki, Cənub Qaz Dəhlizi Azərbaycan və İtaliya arasında uzunmüddətli əməkdaşlığın mühüm göstəricisidir.

“Trans-Adriatik boru kəməri vasitəsilə nəql edilən Azərbaycan qazı İtaliyanın və bir sıra Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə verir. Eyni zamanda, Mərkəzi Asiyanın enerji resurslarının Xəzər dənizi üzərindən Avropaya çatdırılması, həmçinin Xəzər regionunda bərpa olunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisinin Avropaya ixracı istiqamətində tərəfdaşlarımızla işləyirik”, - deyə nazir əlavə edib.

Paylaş:
40

Son xəbərlər

Bütün xəbərlər