Çıxarışı olmayan evlər hansı halda sığortalana bilər? - Həll yolları və TƏKLİF | 1news.az | Xəbərlər
Mövqe

Çıxarışı olmayan evlər hansı halda sığortalana bilər? - Həll yolları və TƏKLİF

Qafar Ağayev18:10 - Bu gün
Çıxarışı olmayan evlər hansı halda sığortalana bilər? - Həll yolları və TƏKLİF

Daşınmaz əmlakın sığortalanması vətəndaşların gözlənilməz hadisələr zamanı maddi itkilərdən qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Lakin Azərbaycanda bu imkan hər kəs üçün əlçatan deyil. Xüsusilə mülkiyyət hüququnu təsdiq edən sənədləri, o cümlədən çıxarışı olmayan evlərin sahibləri əmlaklarını sığortalatmaq istəyərkən ciddi çətinliklərlə üzləşirlər. Nəticədə belə evlərdə yanğın, sel, zəlzələ və digər bədbəxt hadisələr baş verdikdə vətəndaşlar dəymiş zərəri öz hesablarına qarşılamaq məcburiyyətində qalırlar. Bəzi hallarda illərlə zəhmət hesabına tikilən və ya əldə olunan evlərə ciddi ziyan dəysə də, sakinlər sığorta təminatından yararlana bilmirlər.

Bu vəziyyət sənədsiz evlərdə yaşayan vətəndaşları mümkün risklər qarşısında müdafiəsiz qoyur. Digər tərəfdən, məsələ ilə bağlı cəmiyyətdə bir sıra suallar yaranır: Çıxarışı olmayan evlərin sığortalanması ümumiyyətlə mümkündürmü? Bunun üçün hansı hüquqi və praktiki mexanizmlər mövcuddur? Vətəndaş hansı şərtlər daxilində sənədsiz evini sığortalaya bilər və belə əmlaklar üçün sığorta haqqı sənədləri qaydasında olan evlərlə müqayisədə fərqlənirmi?

Emil Ağabağırov

Məsələ ilə bağlı 1news.az-ın suallarını cavablandıran Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırovun sözlərinə görə, evin və ya tikilinin ümumiyyətlə heç bir sənədi yoxdursa, onun sığortalanması mümkün deyil. Ekspert bildirib ki, predmetin hər hansı hüquqi sənədi olmalıdır ki, oradakı məlumatlar əsasında mənzil sığortalansın.

Emil Ağabağırov qeyd edib ki, vətəndaşlar arasında mənzilin və ya evin çıxarışı olmadıqda sığortalanma ilə bağlı suallar yaranır: "Amma vətəndaşa sual verəndə digər hər hansı bir tikiliyə aid sənəd var, onlar qeyd edirlər ki, alqı-satqı müqaviləsi var, maliyyə arayışı, daha sonra etibarnamə ola bilər, məhkəmə qərarı ola bilər, order, texniki pasport və sair. Tikiliyə aid hər hansı bir digər sənədlərin olması da mənzillərin sığortalanmasına kifayət edir".

Ekspertin sözlərinə görə, çıxarış, kirayə müqaviləsi, alqı-satqı müqaviləsi, etibarnamə və ya icarə müqaviləsi olsun, bütün bu sənədlər əsasında sığorta şirkəti tərəfindən eyni sığorta haqqı təqdim olunur.

Orxan Əli

1news.az-ın suallarını cavablayan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri, "Proxima Group"un direktoru Orxan Əli bildirib ki, Azərbaycanda sənədsiz yaşayış evləri problemi uzun illərdir həllini gözləyən məsələlərdən biridir və bu problemin nəticələri artıq yalnız əmlakın alqı-satqısı, qeydiyyatı və mülkiyyət hüququ ilə məhdudlaşmır.

"Məsələ vətəndaşların əmlak təhlükəsizliyinə, sığorta təminatına və sosial müdafiəsinə də təsir göstərir".

Onun sözlərinə görə, burada kifayət qədər maraqlı və eyni zamanda ziddiyyətli vəziyyət yaranıb:

“Bir vətəndaş illərdir yaşadığı evə elektrik enerjisi, qaz, su və digər kommunal xidmətlər əldə edə bilir. Həmin ünvanda yaşayır, ailəsini dolandırır, əmlakına vergi və digər ödənişlər edir. Lakin evi yanğın, zəlzələ və ya başqa gözlənilməz hadisə nəticəsində zərər gördükdə sığorta təminatından yararlanmaq imkanları məhdudlaşır. Əslində, bu insanlar risklərdən daha az qorunmalı deyil, əksinə, onların sığorta müdafiəsinə ehtiyacı daha böyükdür”.

Orxan Əli hesab edir ki, problemin əsas səbəblərindən biri daşınmaz əmlakın faktiki mövcudluğu ilə hüquqi statusunun eyni müstəvidə qiymətləndirilməsidir. Halbuki əmlakın dövlət qeydiyyatına alınmaması ilə onun faktiki dəyəri, texniki vəziyyəti və sığorta riskləri tamamilə fərqli məsələlərdir.
“Biz burada iki anlayışı bir-birindən ayırmalıyıq. Sığorta müqaviləsinin bağlanması həmin evə mülkiyyət hüququnun tanınması demək deyil. Eyni zamanda, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaması da əmlakın iqtisadi dəyərinin, fiziki mövcudluğunun və sığortalana bilən risklərinin olmadığı anlamına gəlmir. Sığorta şirkəti üçün əsas məsələlərdən biri riskin müəyyənləşdirilməsi və mümkün zərərin hesablanmasıdır. Bunlar isə peşəkar qiymətləndirmə vasitəsilə həyata keçirilə bilər”, – deyə o qeyd edib.

Ekspertin fikrincə, sənədsiz evlərin hamısına eyni münasibət göstərilməsi də düzgün yanaşma deyil.

"Çünki bu kateqoriyaya daxil olan əmlakların hüquqi və texniki vəziyyəti bir-birindən ciddi şəkildə fərqlənir. Bəzi evlərin torpaq sahəsinə dair sənədləri var, lakin tikilinin qeydiyyatı tamamlanmayıb. Bəzilərində köhnə texniki inventarlaşdırma sənədləri mövcuddur. Digər hallarda isə torpaq sahəsinin təyinatı və tikintinin qanuniliyi ilə bağlı ciddi problemlər var".

O, deyib ki, ilk növbədə bu əmlakların təsnifatı aparılmalı, sığortalanması hüquqi baxımdan mümkün olan tikililər müəyyən edilməlidir.

Orxan Əli təklif edib ki, çıxarışı olmayan yaşayış evləri üçün ayrıca sığorta mexanizminin yaradılması məsələsinə baxılsın. Bu mexanizm çərçivəsində əmlakın faktiki mövcudluğu, yerləşdiyi ərazi, tikilinin texniki vəziyyəti, mühəndis-kommunikasiya sistemlərinin təhlükəsizliyi və digər risk göstəriciləri qiymətləndirilməlidir.

“Burada müstəqil qiymətləndiricilərin iştirakı xüsusi əhəmiyyət daşıya bilər. Çünki hər bir evin tikinti keyfiyyəti, fiziki vəziyyəti, bazar və bərpa dəyəri eyni deyil. Standart yanaşma əvəzinə fərdi qiymətləndirmə mexanizmi tətbiq olunarsa, sığorta şirkətləri də öz risklərini daha dəqiq hesablaya bilərlər. Beləliklə, həm sığorta bazarının maraqları qorunar, həm də vətəndaşlar üçün yeni imkan yaranar”, – deyə ekspert bildirib.

O əlavə edib ki, bu istiqamətdə dövlət, sığorta şirkətləri və qiymətləndirmə mütəxəssisləri arasında institusional əməkdaşlığa ehtiyac var. Xüsusilə, sənədsiz yaşayış evlərinin hüquqi statusunun müəyyənləşdirilməsi, texniki inventarlaşdırılması və sığorta risklərinin qiymətləndirilməsi vahid yanaşma əsasında təşkil oluna bilər.

Orxan Əlinin fikrincə, başqa bir mühüm məsələ sığorta şirkətlərinin bu kateqoriyadan olan əmlaklara münasibətinin dəyişməsidir. Sığorta bazarı yalnız standart sənəd paketinə malik mənzillər və fərdi yaşayış evləri ilə məhdudlaşmamalı, qanunvericiliyin imkan verdiyi çərçivədə daha geniş əmlak kateqoriyaları üçün məhsullar hazırlamalıdır.
“Düşünürəm ki, bu məsələyə sosial məsuliyyət və iqtisadi maraqların uzlaşdırılması prinsipi ilə yanaşmaq lazımdır. Sığorta şirkətləri üçün yeni müştəri seqmenti formalaşa bilər, vətəndaşlar isə illərlə yaşadıqları evləri risklərdən qorumaq imkanı əldə edərlər. Əlbəttə, bu, bütün sənədsiz tikililərin avtomatik sığortalanması demək deyil. Qanunla sığortalanması qadağan edilən və ya hüquqi baxımdan mümkün olmayan tikililərə münasibətdə ayrıca qərarlar tələb olunur. Lakin bu məhdudiyyətlər sığortalanması mümkün olan digər evlərin də eyni kateqoriyada saxlanılmasına əsas verməməlidir. Hesab edirik ki, əsas məqsəd sənədsiz evlər problemini yalnız qeydiyyat məsələsi kimi deyil, həm də insanların əmlak təhlükəsizliyi məsələsi kimi gündəmə gətirməkdir. Çünki insanın evi onun ən böyük maddi təminatıdır. Bu təminatın qorunması üçün hüquqi mexanizmlər də müasir reallıqlara uyğunlaşdırılmalıdır”, – deyə Orxan Əli fikirlərini yekunlaşdırıb.

Paylaş:
60

Son xəbərlər

Bütün xəbərlər