Azərbaycanın rəqəmsal sıçrayışı dünya nəhənglərini arxada qoydu | 1news.az | Xəbərlər
Mövqe

Azərbaycanın rəqəmsal sıçrayışı dünya nəhənglərini arxada qoydu

1news Redaksiyası13:54 - Bu gün
Digər dillərdə oxuyun:English
Azərbaycanın rəqəmsal sıçrayışı dünya nəhənglərini arxada qoydu

Azərbaycan iki ildə BMT-nin qlobal Elektron Hökumətin İnkişafı İndeksində (EGDI) birdən 36 pillə irəliləyərək 194 dövlət arasında 38-ci yeri tutub.

Onlayn Xidmətlər İndeksinə görə isə respublika ABŞ, Böyük Britaniya, Kanada və Norveçi qabaqlayaraq dünyada 11-ci olub. Rəqəmsallaşmanın institusional əsası göstəricisinə görə isə birinci yeri tutub. Bu nəticələr ölkəni çoxdan texnoloji inkişafın dünya istinad nöqtəsi hesab olunan dövlətlərlə eyni qrupa çıxarır.

Lakin bu önəmli statistikanın arxasında daha mühüm bir proses — dövlət idarəetmə sisteminin yenidən qurulması dayanır. Azərbaycan ardıcıl olaraq dağınıq elektron servislərdən vahid rəqəmsal arxitekturaya keçir; burada texnologiyalar bürokratiyanın azaldılmasına, dövlət prosedurlarının sürətləndirilməsinə və xidmətlərin vətəndaşlar üçün əlçatanlığının artırılmasına xidmət edir. Söhbət artıq sadəcə yeni alətlərin tətbiqindən deyil, dövlətlə cəmiyyət arasındakı qarşılıqlı əlaqə modelinin özünün dəyişməsindən gedir.

Ayrı-ayrı servislərdən vahid sistemə

Bu sıçrayışı bir neçə rahat tətbiqin meydana gəlməsi və ya dövlət xidmətlərinin elektron formata keçirilməsi ilə izah etmək səhv olardı. Onun arxasında dövlət idarəetməsinin arxitekturasının özünün yenidən qurulması dayanır. Prinsipial fərq ayrı-ayrı qurumların dağınıq rəqəmsal həllərindən vahid sistemə keçiddədir; bu sistemdə dövlət strukturları məlumat mübadiləsi aparır və vətəndaş artıq onlar arasında vasitəçi qismində çıxış etmək məcburiyyətində qalmır.

Bu modelin əsas alətlərindən biri "mygov" platforması olub. O, dövlət xidmətlərini vahid rəqəmsal məkanda birləşdirərək, lazımi sənədləri əldə etməyə və servislərdən adət edilmiş qaydada instansiyaları gəzmədən istifadə etməyə imkan verir.

Daha az əhəmiyyət kəsb etməyən rol digital.bridge-ə məxsusdur — bu, qurumlararası məlumat mübadiləsi platformasıdır və onun sayəsində dövlət strukturlarının qarşılıqlı əlaqəsi daha sürətli və effektiv olur. Elektron sənəd dövriyyəsinin inkişafı bu sistemi tamamlayaraq kağız prosedurlarından asılılığı azaldır.

Praktikada bu dəyişikliklər gündəlik həyatın ən həssas tərəflərindən birinə — insanın dövlət aparatı ilə münasibətlərinə toxunur. Nə qədər az arayışı müstəqil toplamaq lazım gəlirsə, eyni məlumatlar üçün müxtəlif qurumlara nə qədər az müraciət etmək lazım gəlirsə, bürokratik əngəllər və subyektiv yanaşma üçün bir o qədər az yer qalır. Rəqəmsallaşmanın real dəyəri də elə bundadır: texnologiya insanı əvvəllər dövlətin özünün onun əvəzinə yerinə yetirə bilmədiyi artıq işdən azad etməlidir.

Siyasi iradə olmadan texnologiyalar işləmir

Belə bir transformasiyanı bir texnoloji qurumun səyləri ilə təmin etmək mümkün deyil, çünki rəqəmsallaşma dövlət idarəetməsinin demək olar ki, bütün istiqamətlərinə toxunur. Vahid strategiya, qanunvericilik bazası, investisiyalar və ali rəhbərlik səviyyəsində koordinasiya zəruridir.

Azərbaycanda rəqəmsal inkişaf ardıcıl olaraq dövlət siyasətinin prioritetlərindən biri kimi təsbit olunur. Prezident İlham Əliyevin bu istiqamətə diqqəti, Rəqəmsal İnkişaf Konsepsiyasının və 2026-2028-ci illər üçün Rəqəmsal İnkişafın Sürətləndirilməsi üzrə Tədbirlər Planının qəbul edilməsi islahatların həyata keçirilməsi üçün əsas formalaşdırıb. Əlavə koordinasiya mexanizmi kimi Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən və dövlət strukturlarının fəaliyyətinin uzlaşdırılmasını təmin edən Rəqəmsal İnkişaf Şurası çıxış edir.

Qanunvericilik tərkib hissəsi ayrıca diqqətə layiqdir. Rəqəmsal sənədlərin hüquqi tanınması, elektron qarşılıqlı əlaqə mexanizmlərinin təkmilləşdirilməsi, startapların, vençur maliyyələşdirməsinin və texnoloji sahibkarlığın inkişafı üçün şəraitin yaradılması elə bir mühit formalaşdırır ki, orada rəqəmsal transformasiya artıq qurumlararası layihələr toplusu olmaqdan çıxır. O, dövlətin ümumi iqtisadi və idarəetmə siyasətinin bir hissəsinə çevrilir.

Səciyyəvidir ki, bu qədər mühüm tərəqqi birbaşa BMT-də də qiymətləndirilib. BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin Rəqəmsal Hökumət Bölməsinin rəhbəri Vinçenso Akvaro Azərbaycanın nəticələrini şərh edərkən ölkə rəhbərliyinin siyasi iradəsini, normativ-hüquqi bazanın keyfiyyətini, kadr potensialını və investisiyaları xüsusi vurğulayıb. Onun sözlərinə görə, respublikanın təcrübəsi həm regionda, həm də bütün dünyada digər dövlətlər üçün qabaqcıl təcrübə nümunəsi ola bilər.

Bu qiymətləndirmə ilk növbədə ona görə önəmlidir ki, söhbət bütün BMT üzvü dövlətlər üçün vahid qiymətləndirmə metodologiyası tətbiq edən beynəlxalq təşkilat tərəfindən konkret nəticələrin tanınmasından gedir.

38-ci yer dayanma nöqtəsi deyil

Bununla belə, hazırkı mövqeləri bütün problemlərin həlli olunmasının yekun təsdiqi kimi qəbul etmək tezdir. Beynəlxalq indeks elektron hökumətin vəziyyətini bir neçə istiqamət üzrə — onlayn xidmətlər, telekommunikasiya infrastrukturu və insan kapitalı daxil olmaqla — əks etdirir. Əgər ayrı-ayrı komponentlər üzrə Azərbaycan artıq dünya liderləri sırasına daxil olubsa, əldə edilmiş səviyyəni daha da inkişaf etdirmək lazımdır.

Növbəti mərhələ telekommunikasiya infrastrukturunun genişləndirilməsini, əhalinin rəqəmsal savadlılığının artırılmasını, texnoloji sahibkarlığın inkişafını və süni intellektin daha geniş tətbiqini nəzərdə tutur. Xüsusi əhəmiyyət proaktiv dövlət xidmətlərinə keçid kəsb edir — o zaman ki, sistem insana onun həyat vəziyyətindən çıxış edərək lazımi xidməti təklif edə bilir, onu müstəqil şəkildə lazımi qurumu axtarmağa və inzibati prosedurlarda baş çıxarmağa məcbur etmir.

Məhz burada həyata keçirilmiş islahatların keyfiyyəti yoxlanılacaq. Beynəlxalq reytinqlər vacibdir, lakin vətəndaş üçün daha əhəmiyyətlisi sənədin nə qədər tez rəsmiləşdirilməsi, dövlət xidmətini almağın nə qədər sadə olması və yeni texnologiyalar sayəsində nə qədər vaxta qənaət edilməsidir.

İki ildə 36 pillə irəliləmək əlavə bəzəyə ehtiyacı olmayan ciddi nailiyyətdir. Lakin BMT-nin hesabatından çıxan əsas nəticə ondan ibarətdir ki, Azərbaycan genişmiqyaslı institusional dəyişikliklər həyata keçirmək və rəqəmsal sahədə çoxdan aparıcı mövqeləri tutan dövlətlərin göstəriciləri ilə müqayisə oluna bilən nəticələr əldə etmək qabiliyyətini nümayiş etdirib.

Son nəticədə dövlətin müasirliyini onun qurumlarındakı kompüterlərin sayı və ya texnoloji gələcək barədə bəyanatların səs-küyü müəyyən etmir. Onu dövlətin institutlarının nə dərəcədə effektiv işləməsi və inzibati maneələrin vətəndaş üçün nə qədər hiss olunmadan aradan qalxması müəyyən edir. BMT-nin son hesabatına əsasən, bu istiqamətdə Azərbaycan olduqca ciddi bir addım atıb.

Əli Məmmədov

Paylaş:
58

Son xəbərlər

Bütün xəbərlər