Azərbaycan rəqəmsal hökumət reytinqində 36 pillə irəlilədi: Uğurun arxasında nə dayanır? – İKT ekspertindən AÇIQLAMA | 1news.az | Xəbərlər
Mövqe

Azərbaycan rəqəmsal hökumət reytinqində 36 pillə irəlilədi: Uğurun arxasında nə dayanır? – İKT ekspertindən AÇIQLAMA

Qafar Ağayev17:26 - Bu gün
Azərbaycan rəqəmsal hökumət reytinqində 36 pillə irəlilədi: Uğurun arxasında nə dayanır? – İKT ekspertindən AÇIQLAMA

Azərbaycan rəqəmsal hökumət quruculuğu sahəsində beynəlxalq miqyasda diqqətçəkən uğura imza atıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Elektron Hökumətin İnkişafı İndeksində (EGDI) ölkəmiz son iki ildə 36 pillə irəliləyərək 74-cü yerdən 38-ci pilləyə yüksəlib. Daha diqqətçəkən nəticə isə onlayn dövlət xidmətləri üzrə qeydə alınıb: Azərbaycan bu göstəricidə 56 pillə irəliləyərək dünya üzrə 11-ci yerdə qərarlaşıb və ABŞ, Böyük Britaniya, Kanada kimi ölkələri geridə qoyub. Bundan başqa, ölkəmiz institusional çərçivə altindeksi üzrə dünyada birinci olub, xidmətlərin təqdim edilməsi göstəricisində isə Estoniya ilə eyni pilləni bölüşüb.

Bəs qısa müddətdə əldə olunan bu irəliləyişin əsas səbəbləri nələrdir? Rəqəmsal hökumət quruculuğunda tətbiq edilən yeni yanaşmalar, dövlət xidmətlərinin vahid platformada birləşdirilməsi və mygov ekosistemi bu nəticələrə nə dərəcədə təsir göstərib? Ən əsası, beynəlxalq reytinqlərdə qeydə alınan bu uğur vətəndaşların gündəlik həyatında hansı real dəyişikliklərlə müşayiət olunacaq? Rəqəmsal transformasiyanın növbəti mərhələsində Azərbaycanın qarşısında hansı hədəflər dayanır?

Məsələ ilə bağlı 1news.az-ın suallarına cavab verən İKT üzrə ekspert və İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov deyib ki, Azərbaycanda son illər mygov platforması üzərindən vahid pəncərə prinsipi əsasında rəqəmsal hökumət xidmətləri modeli tətbiq olunur və bu yanaşma dünyada qəbul edilmiş Rəqəmsal Hökumət 2.0 konsepsiyasına uyğundur.

Ekspert bildirib ki, bu modeldən Böyük Britaniya da daxil olmaqla bir sıra qabaqcıl ölkələr istifadə edir:

“Məsələn, Böyük Britaniyada bu sistem "One Login" adlanır və vətəndaşlara vahid giriş vasitəsilə müxtəlif dövlət xidmətlərindən yararlanmaq imkanı verir. Azərbaycanın bu istiqamətdə müəyyən üstünlüklərindən biri ölkənin kompakt olmasıdır. Bu amil rəqəmsal həllərin tətbiqini və onların effektivliyini artırır. Hazırda əsas hədəflərdən biri ənənəvi, yəni oflayn xidmətlərə ehtiyacın minimuma endirilməsidir. Təbii ki, bəzi vətəndaşlar fiziki xidmətlərə üstünlük verdiyi üçün bu xidmətlər tamamilə aradan qalxmayacaq. Bununla belə, yaxın perspektivdə hər bir vətəndaşın dövlət xidmətlərindən onlayn şəkildə yararlanması, tələb olunan sənədləri elektron formada əldə etməsi istiqamətində irəliləyirik. Bu, uzunmüddətli və əlçatmaz hədəf deyil, artıq həyata keçirilməkdə olan prosesdir”.

Fərid Kazımov

F.Kazımovun sözlərinə görə, Azərbaycanın rəqəmsal hökumət strategiyasının mühüm istiqamətlərindən biri də xidmətlərin ayrı-ayrılıqda deyil, həyat hadisələri əsasında vahid paket şəklində təqdim edilməsidir:

“Bu yanaşma müasir rəqəmsal məhsul idarəetməsi prinsiplərinə əsaslanır. Burada əsas məqsəd vətəndaşın qarşılaşdığı konkret ehtiyaca uyğun bütün xidmətləri vahid sistemdə birləşdirməkdir. Məsələn, uşağın doğulması, evlilik, pensiyaya çıxma və ya vətəndaşın vəfat etməsi ayrı-ayrı sənədlərin və müraciətlərin tələb olunduğu proseslərdir. Həyat hadisələri modelində isə həmin proseslərlə bağlı bütün zəruri addımlar vahid ekosistem çərçivəsində birləşdirilir. Nəticədə vətəndaşın müxtəlif qurumlara müraciət etməsinə, sənədləri ayrı-ayrılıqda toplamasına ehtiyac qalmır. Məsələn, uşaq dünyaya gəldikdə onun doğumuna dair zəruri məlumatlar sistemdə formalaşır və müvafiq sənədlər avtomatik hazırlanaraq valideynlərin elektron kabinetində təqdim olunur. Eyni yanaşma digər həyat hadisələrinə də tətbiq edilir”.

Ekspert qeyd edib ki, belə bir modelin tətbiqi yalnız vətəndaşlara göstərilən xidmətlərin rəqəmsallaşdırılması ilə məhdudlaşmır, dövlət qurumları arasında məlumat mübadiləsinin təkmilləşdirilməsini də nəzərdə tutur:

“Rəqəmsal hökumətin effektiv fəaliyyəti üçün vahid məlumat bazasının yaradılması və dövlət qurumlarının həmin məlumatlara səlahiyyətləri çərçivəsində çıxışının təmin edilməsi vacibdir. Çünki hər bir dövlət qurumunun vətəndaşlar və hüquqi şəxslərlə bağlı bütün məlumatlara çıxış əldə etməsinə ehtiyac yoxdur. Hər bir qurum yalnız öz fəaliyyət istiqamətinə aid olan məlumatlardan istifadə etməlidir. Bu baxımdan məlumatlara mərhələli və səlahiyyətlərə uyğun çıxış mexanizminin qurulması mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, dövlət qurumları arasında məlumat mübadiləsinin, eləcə də digər ölkələrlə rəqəmsal məlumat mübadiləsi imkanlarının inkişafı bu sistemin əsas komponentlərindəndir. Bütün bunlar Azərbaycanın elektron və rəqəmsal hökumət sahəsində beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşmasına töhfə verir”.

F.Kazımov əlavə edib ki, rəqəmsallaşma vətəndaşların üzərinə düşən inzibati yükü, sənəd toplamaq və müxtəlif qurumlara getmək zərurətini də əhəmiyyətli dərəcədə azaldır:

“Burada bir neçə mühüm məqam var. İlk növbədə, dövlət qurumları arasında məlumat mübadiləsi genişləndikcə vətəndaşdan əvvəllər tələb olunan bir sıra sənədlərin yenidən təqdim edilməsinə ehtiyac qalmır. Müvafiq qurumlar həmin məlumatları birbaşa mövcud bazalardan əldə edə bilirlər. İkinci istiqamət onlayn xidmətlərin genişləndirilməsidir. Vətəndaş mygov, ASAN İmza, SİMA və digər rəqəmsal giriş vasitələri ilə müvafiq platformalara daxil olaraq lazımi xidmətlərdən yararlana bilər. Üçüncü mühüm istiqamət isə sənədlərin avtomatik formalaşdırılmasıdır. Belə ki, müəyyən həyat hadisəsi baş verdikdə zəruri məlumatlar sistemdə əks olunur, müvafiq sənədlər avtomatik hazırlanır və vətəndaş istədiyi vaxt onları elektron kabinetindən əldə edə bilir. Bu, həm vaxta qənaət, həm də dövlət-vətəndaş münasibətlərində şəffaflığın artırılması baxımından əhəmiyyətlidir”.

Ekspertin fikrincə, mygov platformasının dövlət xidmətlərinə vahid giriş nöqtəsinə çevrilməsi də Azərbaycanın rəqəmsal hökumət strategiyasının düzgün istiqamətdə inkişaf etdiyini göstərir:

“Bu il qəbul edilən qərara əsasən, dövlətin elektron xidmətlərinə mygov üzərindən vahid giriş modelinin tətbiqi nəzərdə tutulur. Hesab edirəm ki, bu, müasir rəqəmsal hökumət yanaşmasına tam uyğundur. Böyük Britaniyanın One Login modeli də məhz bu prinsipə əsaslanır. Bununla belə, Azərbaycanın tətbiq etdiyi həllərin bir sıra funksional və istifadə rahatlığı baxımından üstün cəhətləri var. Məsələn, şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi kimi sənədləri fiziki formada üzərində gəzdirmədən mygov vasitəsilə təqdim etmək mümkündür. Əvvəllər rəqəmsal sənədlərin qanunvericiliklə tanınmasına baxmayaraq, bəzi hallarda dövlət qurumlarında onların fiziki formada təqdim edilməsi tələb olunurdu. Artıq bu istiqamətdə yaranan anlaşılmazlıqların aradan qaldırılması və rəqəmsal sənədlərin qəbulunun genişləndirilməsi istiqamətində addımlar atılıb”.

Fərid Kazımov vurğulayıb ki, Azərbaycanın qarşıya qoyduğu əsas hədəflərdən biri kağız sənədlərdən asılılığın aradan qaldırılması və tam rəqəmsal dövlət modelinə keçiddir:

“Biz bu istiqamətdə ən müasir beynəlxalq trendləri izləyir və onlara uyğun şəkildə inkişaf edirik. Rəqəmsallaşma təkcə xidmətlərin elektron formaya keçirilməsi deyil, bütövlükdə dövlət idarəçiliyinin və qurumlararası münasibətlərin yenidən qurulmasıdır. Həyat hadisələri əsasında xidmətlərin avtomatlaşdırılması, məlumatların qurumlar arasında təhlükəsiz mübadiləsi və vətəndaşın eyni məlumatı dəfələrlə təqdim etmək məcburiyyətindən azad edilməsi bu modelin əsasını təşkil edir. Əminəm ki, düzgün strategiyanın davam etdirilməsi Azərbaycanın yaxın illərdə rəqəmsal hökumət sahəsində beynəlxalq reytinqlərdə daha yüksək mövqelərə yüksəlməsinə imkan verəcək”.

Paylaş:
42

Son xəbərlər

Bütün xəbərlər