Ramin Məmmədov: Qadın hüquqlarının təminatı dövlət siyasətinin əsas prioritetlərindəndir

“Tarix boyu Azərbaycan qadını maarifçilik, təhsil, mədəniyyət və milli düşüncənin inkişafında mühüm rol oynayıb”.
1news.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov "Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu" mövzusunda keçirilən konfransın açılış nitqində deyib.
O bildirib ki, XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda maarifçilik ideyalarının yayılması, qadınların təhsilinin təşviqi, mətbuatın və teatrın təşəkkülü ilə bağlı təşəbbüslər milli düşüncənin yenilənməsinə xidmət edib.
"Azərbaycanın bu tarixi təcrübəsi qadın hüquqlarının təmin olunması baxımından da diqqətəlayiqdir. 1901-ci ildə Bakıda müsəlman Şərqində qızlar üçün ilk dünyəvi məktəbin açılması, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qadınlara seçki hüququnun verilməsi tariximizin mühüm hadisələrindəndir. Bu faktlar qadının cəmiyyət həyatında fəal iştirakının Azərbaycan ictimai fikrində və dövlətçilik ənənəsində dərin tarixi əsaslara malik olduğunu göstərir", – deyə o qeyd edib.
R.Məmmədov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsində qadınların cəmiyyət həyatındakı yeri insan hüquqlarına, sosial ədalətə və milli tərəqqiyə əsaslanan dünyagörüşünün tərkib hissəsi olub.
Onun sözlərinə görə, Ulu Öndər qadınların ictimai-siyasi proseslərdə iştirakını, onların bilik və bacarıqlarının ölkənin intellektual potensialına çevrilməsini müasir dövlət quruculuğunun mühüm şərtlərindən biri kimi qiymətləndirib.
"1995-ci ildə qəbul edilmiş Konstitusiyamızda kişi ilə qadının eyni hüquq və azadlıqlarının təsbit edilməsi, həmçinin həmin il ölkəmizin BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyaya qoşulması bu siyasətin mühüm mərhələlərindən biri olub".
O əlavə edib ki, bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirilir.
“Qadın hüquqlarının etibarlı təminatı, onların ictimai-siyasi həyatda və dövlət idarəçiliyində təmsilçiliyinin genişləndirilməsi dövlət siyasətinin əsas prioritetlərindəndir”.











