Məşhur oteldə 21 yaşlı qızın öldürülməsinin səbəbi məlum oldu - YENİLƏNİB

Dünən Abşeron rayonunun Fatmayı kəndi ərazisindəki oteldə 21 yaşlı qızın öldürülməsi hadisəsinin təfərrüatları məlum olub.
1news.az-ın Publika.az-a istinadən verdiyi xəbərə görə,Ucar rayon sakini olan 21 yaşlı Aysel Orucovanın tanışı, 35 yaşlı Kürdəmir sakini Nəriman Əliyev tərəfindən qətlə yetirilməsi qısqanclıq zəminində baş verib.
Bildirilir ki, əvvəllər məhkum edilmiş N.Əliyevlə Aysel bir müddət əvvəl tanış olub və onların arasında sevgi münasibəti yaranıb. Bu müddətdə cütlük bir neçə dəfə görüşərək cinsi əlaqədə olub. Son olaraq onlar dünən Fatmayıdakı yerdə görüşüblər. Belə ki, Nəriman qeyri-rəsmi münasibətdə olduğu gənc qızı növbəti dəfə otelə gətirib və otaqda olarkən Nərimanla Aysel arasında mübahisə baş verib. N.Əliyev Ayselin başqa şəxslərlə görüşdüyünü öyrəndiyini deyib. Daha sonra mübahisə münaqişəyə çevrilib və Nəriman özü ilə gətirdiyi bıçaqla sevgilisinə çoxsaylı zərbələr endirərək onu öldürüb.
Hadisədən sonra sakitcə oteli tərk edən N.Əliyev daha sonra Xırdalanda polislər tərəfindən saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
13:06
Daxili İşlər Nazirliyi (DİN) Abşeron rayonunda “Oskar” otelində baş vermiş qətllə bağlı məlumat yayıb.
1news.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, sentyabrın 23-də Abşeron rayonunun Fatmayı kəndi ərazisindəki oteldə Ucar rayon sakini Aysel Orucovanın bıçaqla qətlə yetirilmiş meyitinin tapılması barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.
“İsti izlər”lə həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli münaqişə zəminində törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər də qəsdən adam öldürməyə cəhdə görə məhkum olunmuş Nəriman Əliyev qısa zamanda müəyyən edilərək saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
1news.az
11:53
Abşeron rayonunda oteldə qətl baş verib.
1news.az “report”a istinadla xəbər verir ki, “Oskar” otelində 35 yaşlı Nəriman Əliyev 21 yaşlı Aysel Orucovanı bıçaqlayaraq qətlə yetirib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanıb.
1news.az