1news.az

Azərbaycan dövləti BMT Nizamnaməsini rəhbər tutub özünümüdafiə hüququndan istifadə edərək təcavüzkarı cəzalandırır

21 Oktyabr saat 19:52 ~ 8 dəqiqəlik oxu 1410
Azərbaycan dövləti BMT Nizamnaməsini rəhbər tutub özünümüdafiə hüququndan istifadə edərək təcavüzkarı cəzalandırır

Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə, soyqırımı və dövlət terrorizmi siyasəti 30 ildən artıqdır ki, dünyanın gözü qarşısında davam edir.

Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir. BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması tələb olunsa da, Ermənistanın açıq-aşkar işğalçılıq mövqeyi tutması nəticəsində bu qətnamələr indiyədək yerinə yetirilməyib. Bununla yanaşı, faşist ideologiyasına əsaslanan təcavüzkar siyasət, eləcə də münaqişənin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir. Məqsəd vaxt uzatmaqla işğalçılıq siyasətini davam etdirməkdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov deyib.

E.Əhmədov qeyd edib ki, bu cəzasızlıqdan istifadə edərək 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutub. Azərbaycan Ordusu bu hərbi təcavüzə cavab olaraq, Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirir. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşmənin layiqli cavabını verir və xalqımız bütünlüklə Ali Baş Komandanın ətrafında səfərbər olub. Azərbaycan ərazilərinin azad olunması uğrunda gedən döyüşlər, qüdrətli ordumuzun şanlı tarix yazaraq düşmənə sarsıdıcı zərbələri, Cəbrayıl, Füzuli və Zəngilan şəhərləri, eləcə də bir sıra yaşayış məntəqələrimizin işğalçılardan azad edilməsi, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin ələ keçirilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaradıb.

Ancaq biz nəyin şahidi oluruq? Son 25 gün ərzində, təcavüzkara qarşı heç bir təzyiq nəinki yoxdur, dünya birliyi Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətinə, bütün dünyanın gözü qarşısında baş verən bu qanlı terror hadisələrinə seyrçi mövqedən yanaşır, xüsusilə onu sülhə məcbur etmək üçün BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələr əsasında qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxmasını birmənalı şəkildə tələb etmir.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatlarını davam etdirir. 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Cəbrayıl rayonunun ərazisində yerləşən Xudafərin körpüsünün üzərində 27 il sonra Azərbaycan bayrağı ucaldıldı. Beləliklə, parlaq qələbələrə imza atan rəşadətli Azərbaycan Ordusu bu dəyərli abidəni özümüzə, əsl sahibinə qaytardı və 2020-ci il oktyabrın 18-i tariximizə daha bir şanlı gün kimi yazıldı.

2016-cı ildə Azərbaycanla İran arasında Tehranda imzalanmış və gələcəyə hesablanmış Saziş Azərbaycan Prezidenti İlham Əliyevin prinsipial dövlət başçısı və uzaqgörən siyasi xadim olduğunu bir daha göstərdi. Saziş təcavüzkar Ermənistanın Araz çayı üzərindəki qanunsuz fəaliyyətinin qarşısını aldı. Sənədə bu günün reallığından, yəni, Azərbaycan ərazilərinin işğaldan azad olunması kontekstindən yanaşdıqda isə aydın görmək olur ki, Prezident İlham Əliyev bu strateji addımlı ilə həm də qarşıdan gələn dövrdə həmin bölgənin sosial-iqtisadi inkişafına böyük təkan verəcək mühüm bir layihə reallaşdırdı.

E.Əhmədov bildirib ki, sentyabrın 20-də Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib. Qeyd etmək vacibdir ki, Azərbaycan dövləti Zəngilan şəhərinin işğalçılardan azad olunması ilə BMT Təhlükəsizlik Şurasının 1993-cü il noyabrın 12-də qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan 884 saylı qətnaməni özü icra etdi.

Azərbaycan əks-hücum əməliyyatı həyata keçirərək işğal altında olan ərazilərini bir-birinin ardınca azad edir. Hərbi baxımdan məğlub olduğunu dərk edən Ermənistan və havadarları isə beynəlxalq hüquqdan, insan haqlarından, sülh danışıqlarının mühümlüyündən dən vurmağa başlayıblar. Onu da qeyd etmək lazımdır ki, münaqişə ilə bağlı vasitəçilik edən dövlətlərin mövqeyi birmənalı şəkildə bəllidir. Xüsusilə tərəfsiz vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupunun mücərrəd və ənənəvi bəyanatları elə status-kvonu qoruyub saxlamağa çalışan Ermənistanı hər dəfə bir az daha da şirnikləndirir.

Bununla yanaşı, “azadlıq carçısı” olan bəzi beynəlxalq təşkilatların, xüsusilə beynəlxalq QHT-lərin, o cümlədən “Freedom House”, “Amnesty International”, “Human Rights Watch”, “Trensparency İnternational”, “Free Press”, “Mercy Corps”, “Beynəlxalq Böhran Qrupu”, “Sərhədsiz Repartyorlar”, OCCRP və digər bu kimi qurumlar və bir sıra Qərb təşkilatlarının səssizliyi acı təəssüf doğurur.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev sentyabrın 27-dən bu günə qədər Ermənistanın hərbi potensialına sarsıdıcı zərbə vurulduğunu qeyd edərək demişdir: “...Biz döyüş meydanında tam üstünlüyü əldə etmişik və demək olar ki, Ermənistanın hərbi-texniki potensialını böyük dərəcədə sıradan çıxara bilmişik. Ancaq sual olunur: bu qədər silah, bu qədər texnika Ermənistanda haradandır? Ermənistanın hərbi büdcəsi bəlli, Ermənistanın dövlət büdcəsi də bəlli. Ermənistan bankrot ölkədir. Bu ölkənin xarici dövlət borcu ölkənin ümumi daxili məhsulunun 60-70 faizini təşkil edir. Bu ölkənin sərbəst valyuta ehtiyatları cəmi 1,5 milyard dollardır, bu da bank rezervləridir. Bu, yəni sərbəst vəsait deyil. Hansı pulla bu silah və texnikanı alır? Təkcə bu günə qədər məhv edilmiş və qənimət kimi götürülmüş texnikanın qiyməti aşağısı 2 milyard dollar səviyyəsindədir. Ancaq hələ də bunların texnikası qalıbdır. Hələ də həm işğal edilmiş torpaqlarda, eyni zamanda, Ermənistan ərazisində. Sual olunur, kim onları silahlandırır?”.

Azərbaycan Prezidenti bəyan edib ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır, bunu hər kəs və bütün dünya bilməlidir. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan dövləti ATƏT-in Minsk qrupundan təcavüzkarla təcavüzə məruz qalanın adını çəkməyi, o cümlədən daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözləyir. Azərbaycanın mövqeyində hər hansı bir dəyişiklik yoxdur, ola da bilməz, çünki biz həm tarixi ədalətə, eyni zamanda, beynəlxalq hüquqa əsaslanırıq. “Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir” fikrini bütün dünyaya bəyan edən Prezident İlham Əliyev dəfələrlə bildirib ki, heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək, işğal edilmiş bütün torpaqlar işğalçılardan azad olunmalı, Azərbaycan vətəndaşları öz doğma yurdlarına qayıtmalıdırlar.

Prezident İlham Əliyev dəfələrlə beynəlxalq platformalarda Ermənistanın işğalçılıq siyasətini ifşa edərək təcavüzkarın faşist ideologiyası yürütdüyünü və terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini bütün dünyaya bəyan edib. Dövlətimizin başçısı Ermənistanın işğalçılıq siyasətini, habelə müharibə cinayətlərinin mahiyyətini açmaqla Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün beynəlxalq kürsülərdən konkret faktlarla təcavüzkarı ifşa edir. Azərbaycan Prezidentinin son günlər ərzində “Əl-Cəzirə”, “Əl-Ərəbiyə” “TRT Haber”, “Pervıy Kanal”, “CNN Türk”, “Euronews”, “CNN International”, “Sky News”, “RBK”, “Haber Global”, “Haber Türk”, “NTV”, “France 24”, televiziya kanallarına, Rusiyanın TASS , Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova verdiyi müsahibələrdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, cəbhə zonasında son hərbi əməliyyatlarla bağlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, bütün suallara konkret faktlarla cavabları ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna əhəmiyyət kəsb edir.

Azərbaycan Prezidenti demişdir: “Əgər beynəlxalq birlik Ermənistanı törədilmiş cinayətlərə görə məsuliyyətə cəlb etmək istəmirsə, - necə ki, Xocalı soyqırımına görə heç kim onları məsuliyyətə cəlb etməyib, - biz özümüz onları məsuliyyətə cəlb edəcəyik. Biz özümüz onların cəzasını verəcəyik, özümüz onları cəzalandıracağıq və bizim cəzamız ədalətli cəza olacaqdır. Onlar ən ağır cəzaya layiqdirlər. Ermənistanın hərbi-siyasi rəhbərliyi cinayətkarlardır və biz bu cinayətkarları cəzalandıracağıq”.

Bu baxımdan, dövlətimizin BMT-nin Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququ var və bundan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirir və BMT Təhlükəsizlik Şurasının 27 il yerinə yetirilməmiş qalan qətnamələrini özü icra edir. Dövlətimizin başçısı birmənalı olaraq bildirib ki, Azərbaycanın işi haqq işidir və Qarabağ Azərbaycandır!

S.Xankişiyeva

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net