ABŞ–İran razılaşması imzalandı: diqqətlər İsveçrəyə yönəldi – növbəti mərhələdə nə baş verəcək?
ABŞ Prezidenti Donald Tramp İranla bağlı razılaşma memorandumunu imzalayıb.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, sənəd Fransadakı Versal Sarayında imzalanıb və bu addım İsveçrədə keçirilməsi planlaşdırılan rəsmi mərasimi qeyri-müəyyən vəziyyətə salıb. Hazırda diqqətlər İsveçrəyə yönəlib və tərəflər arasında nüvə məsələləri üzrə danışıqların başlanacağı gözlənilir.
İsveçrənin Xarici İşlər Nazirliyinin məlumatına görə, ABŞ və İran nümayəndə heyətləri Bürqenştokda razılaşmanın icrası ilə bağlı ilkin müzakirələr aparmaq üçün bir araya gələcək.
Danışıqlar üç gün davam edəcək
“Wall Street Journal” nəşrinin yazdığına görə, rəsmi imza mərasimi keçirilməyəcək, lakin nüvə danışıqları İsveçrənin Lyusern şəhərində davam etdiriləcək. ABŞ-ın vitse-prezidenti JD Vens, xüsusi nümayəndələr Stiv Uitkoff və Cared Kuşner iranlı tərəfdaşları ilə üç gün davam edəcək görüşlərdə iştirak edəcəklər. Danışıqlarda Pakistan və Qətərdən olan vasitəçilərin də yer alacağı bildirilir.
60 günlük danışıqlar mərhələsi
Sülh razılaşmasının yekun şərtlərinin müəyyənləşdirilməsi üçün 60 günlük müddət nəzərdə tutulur. ABŞ Prezidenti Donald Tramp bu müddətin sərt son tarix olmadığını vurğulayaraq, müəyyən elastikliyin mümkün olduğunu qeyd edib.
Tramp vitse-prezident JD Venslə bağlı zarafat da edib. O bildirib ki, razılaşma uğurlu olarsa bütün tərifi özü alacaq, əks halda isə məsuliyyətin bir hissəsini vitse-prezidentin üzərinə qoyacaq: “Əgər uğurlu olsa, bütün tərifi mən alacağam. Uğursuz olsa, günahı JD-nin üzərinə atacağam”.
Qərarların qlobal təsiri
Tramp razılaşma nəticəsində yarana biləcək “iqtisadi fəlakətin” qarşısını almaq istədiyini bildirib. Nəşrin qiymətləndirməsinə görə, bu açıqlama onun qərarlarının qlobal təsirlərini qəbul etdiyini göstərir.
Razılaşmada diqqət çəkən məqamlardan biri də sənəd qüvvəyə mindikdən sonra ABŞ-ın İranın dondurulmuş aktivlərini istifadəyə açması ilə bağlı müddəadır. Bu vəsaitlərin hansı mexanizmlə azad ediləcəyi isə danışıqlar zamanı müəyyən olunacaq.
Tramp bu barədə deyib: “Onların çox pulunu almışıq. O pul bizə məxsus deyil. Düşünürəm ki, müəyyən məqamda onu geri qaytarmalı olacağıq”.
ABŞ Prezidenti əlavə edib ki, İranın müəyyən sayda ballistik raket saxlamasına qarşı deyil: “Əgər digər ölkələrdə də varsa, onların da müəyyən qədərinə sahib olmamaları bir qədər ədalətsiz olar”.












