Bu gündən kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayıb
2026/2027-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlərin elektron qeydiyyatı başlayıb.
1news.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, təsviri sənət, teatr, kino və xoreoqrafiya sənəti və musiqi sənəti istiqamətlərinin komissiyaları üzrə aparılan qeydiyyat prosesi iyunun 18-dən 29-dək davam edəcək.
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin XQTİ-ləri üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlər yalnız 1 istiqamət üzrə qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyatdan qəbul imtahanının I mərhələsində (cari ilin məzunları üçün buraxılış) topladıqları ümumi balı 50 (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) və daha yüksək olan abituriyentlər keçə bilərlər.












