1news.az

Dənizə çirkab su axıdan axarlar müəyyən edilib

7 Avqust saat 17:08 ~ 2 dəqiqəlik oxu 4180
Dənizə çirkab su axıdan axarlar müəyyən edilib

Bu gün Xəzər dənizi şimaldan cənuba onlarla axar vasitəsilə çirkləndirilir və çirkləndirici subyektlərə qarşı xəbərdarlıqlar, müraciətlər, cərimə və iddialar tətbiq olunur, toplanmış materiallar məhkəmələrə göndərilir. Sadəcə, soruşuruq: Sizin üçün hansı daha rahatdır, cərimə ödəmək, yoxsa işinizi düzgün qurmaq və rahat fəaliyyət göstərmək? Uşaqlarınızı, doğmalarınızı zəhərləmək, yoxsa onların səhhətini düşünmək?

1news.az xəbər verir ki, bu fikirləri ETSN-nin mətbuat katibi İradə İbrahimova Xəzərin çirkləndirilməsinə etiraz olaraq bildirib.

"Bu gün Xəzəri çirkləndirən kimdir? Biz özümüzük, vətəndaşlar, müəssisələr, fabrik, təşkilat, ictimai-iaşə obyektləridir.

ETSN-nin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən dənizə çirkab su axıdan axarlar müəyyən edilib və bütün cavabdeh qurumlara, çirkləndiricilərə xəbərdarlıqlar olunub. Niyə biz bu gün öz təbii sərvətlərimizi çirkləndiririk? Bu, dənizə də, çaylara da, göllərə də aiddir. Nə vaxta qədər biz çirkləndirməyə davam edəcəyik? Nə qədər xəbərdarlıq, cərimə etmək, məcburi göstəriş vermək olar, nə qədər məhkəmə çəkişmələri olar, biz yorulmadıqmı bundan? Nəyə görə biz sərvətlərimizi qorumuruq? Yəni bu qədər özümüz özümüzə biganəyik? Xəzər kimi belə bir unikal dəyərə malik sərvəti niyə qiymətləndirə bilmirik? Yoxsa övladlarımızın sağlamlığını, təmiz ətraf mühitdə yaşamasınımı istəmirik? Bəlkə bu, sadəcə etinasızlıqdır, doğmalarımıza, təbiətə və özümüzə olan etinasızlıq".

Nazirliyin sözçüsü hesab edir ki, verilən bu qədər vaxt, müddət ərzində işlərində dönüş yaratmamağın səbəbi yəqin ki, bunlardır:

"Xəzəri çirkləndirən subyektlərin cavabdehlərini bu barədə yenidən düşünməyə və sağlam qərarları ilə Xəzərimizə öz töhfələrini verməyə çağırırıq. Bu işdə bizə sizin, hamının dəstəyi lazımdır. Bir daha muraciət edirik, tullantı sularının dənizə axıdılmasına yol verməyin! Bununla öz yaxınlarınızın səhhətinə təhlükə yaratmış olursuz. Bu bizim ümumi sərvətimizdir, xalqımızın, dövlətimizin sərvətidir. Təkcə Xəzərə yox, çaylara, göllərə də axıdılan çirkab suların qarşısı alınmalı, aidiyyəti təşkilatlar, qurumlar bu işlə daha ciddi məşğul olmalı, işlərinə daha planlı və məsuliyyətlə yanaşmalıdır".

Təbiət pandemiya dövründə antropogen təsirlərdən nisbətən az zərər alır, özünü daha sağlam reabilitasiya etməyə çalışır. Gəlin hamımız təbiətə töhfəmizi verək, onu çirklənmədən qoruyaq deyə İ.İbrahimova çağırış edib.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net