Keçmiş həyat yoldaşının paylaşımlarını "şantaj" adlandıran rəqqas Nicat Azadlı barəsində cinayət işi açıldı - FOTO - VİDEO - YENİLƏNİB
Rəqqas Nicat Azadlının həyat yoldaşına əl qaldırmasını əks etdirən videoların yayılması ilə bağlı son insident geniş ictimai rezonans doğurub.
Rəqqasın keçmiş həyat yoldaşı onun və qohumlarının fiziki və psixoloji zorakılığına məruz qaldığını bildirib. O, sosial şəbəkədəki paylaşımında azyaşlı uşağı qucağında olduğu zaman avtomobildə zorakılığa məruz qalmasını əks etdirən videonu yayıb. Qadın, həmçinin keçmiş ərinin hələ doğulmamış övladının ölümünə səbəb olduğunu iddia edib.
Qarşı tərəfin mövqeyini öyrənmək üçün redaksiya Nicat Azadlı ilə əlaqə saxlayıb.
“Həmin videolar bir il əvvəl pul tələbi ilə şantaj edildiyim vaxt çəkilib. O deyirdi ki, “Mənə pul verməsən, bunu çəkib yayımlayacağam və paylaşacağam””, - deyə rəqqas bildirib.
Onun sözlərinə görə, yayılan görüntülərdə o, zorakılıq tətbiq etməyib:
“O, bu videoların əvvəlində baş verənləri paylaşmayıb. Mənim və ailəmin ünvanına nalayiq ifadələr işlədirdi. Mən orada sadəcə ona belə etməməli olduğunu deyirəm. Videoya baxsanız, insanı hansı vəziyyətə çatdırdıqları görünür. O sadəcə deyirdi ki, “Bunu çəkib paylaşacağam ki, bu xalq səndən nifrət etsin. Məni heç kim tanımır, amma səni tanıyırlar. Qoy xalq səni qınasın””.
Nicat Azadlı həyat yoldaşının dırnağının zədələnmiş vəziyyətdə olan fotosunu paylaşaraq onu döyməkdə ittiham etməsinə də münasibət bildirib:
Nicat Azadlı keçmiş həyat yoldaşının onun tərəfindən zorakılığa məruz qalması ilə bağlı iddialarına da münasibət bildirib.
Rəqqas onun dırnağındakı xəsarətin manikürdən sonra evdə məişət işləri görərkən yarandığını iddia edib. O, keçmiş həyat yoldaşının uşaqla bağlı səsləndirdiyi fikirlərin də həqiqəti əks etdirmədiyini bildirib.
“Əgər mən belə bir insan olsaydım, ilk övladıma görə üzərimə böyük məbləğdə aliment öhdəliyi qoyulduğu halda, ödənişləri gecikdirərdim. Amma mən bütün ödənişləri qanuna uyğun şəkildə həyata keçirirəm. O isə “İnsanların səni qınaması, yanına heç kimin gəlməməsi üçün belə paylaşımlar edəcəyəm” deyirdi. Mən bunu reputasiyama xələl gətirmək cəhdi kimi qiymətləndirirəm. Yazışmalarda da “Mənə pul verməsən, gör nə edəcəyəm” kimi ifadələr var”, - deyə Azadlı bildirib.
Onun sözlərinə görə, keçmiş həyat yoldaşı tərəfindən pul tələb edilməsi ilə bağlı yazışmalar da mövcuddur. Azadlı bu halları məqsədli şəkildə ona qarşı kampaniya aparılması kimi qiymətləndirib.
Rəqqas münasibətlərinin əvvəlki dövrü barədə də danışıb. Onun sözlərinə görə, tərəflər üç ay evli qaldıqdan sonra ayrılıblar və qadın yeddi ay sonra yenidən onun yanına qayıdıb.
Azadlı iddia edib ki, keçmiş həyat yoldaşının məqsədi mübahisələr zamanı videoçəkiliş aparmaq və sonradan bunlardan sübut kimi istifadə etmək olub. O, qadının onu və ailə üzvlərini təhqir etdiyini, özünü isə təxribata çəkməyə çalışdığını bildirib.
“Bütün bunların paylaşılmasında məqsədin insanların məni qınaması olduğunu düşünürəm. Daha sonra isə məndən pul tələb olunurdu: “Pul verməsən, paylaşacağam, pul verməsən, sənin yanına heç kim gəlməyəcək” deyilirdi”, - deyə o qeyd edib.
Nicat Azadlı məsələ ilə bağlı məhkəmə prosesinin də keçirildiyini və müvafiq qərarın qəbul edildiyini bildirib. Onun sözlərinə görə, məhkəmə başa çatdıqdan sonra da keçmiş həyat yoldaşı tərəfindən müəyyən təzyiqlərlə üzləşib.
Rəqqas hadisənin media vasitələrində işıqlandırılma formasından narazılığını da ifadə edib. O bildirib ki, bəzi xəbər resurslarında məsələni obyektiv və düzgün əks etdirən material görməyib və hadisələrin təhrif olunduğunu düşünür.
Sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Lumu İsrəfilli bildirib ki, sözügedən hadisə cari ilin yanvarın 31-də Suraxanı rayonu, Binə qəsəbəsində ailə münaqişəsi zəminində baş verib: “Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb, toplanmış materiallar əsasında cinayət işi başlanılıb. Araşdırmalarla N.Azadlının həyat yoldaşı Ş.Azadlıya fiziki zor tətbiq edərək xəsarət yetirdiyi müəyyən olunub. N.Azadlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə istintaq tamamlanaraq ittiham aktı ilə məhkəməyə göndərilib”.
***
10:39
Rəqqas Nicat Azadlının həyat yoldaşı onun tərəfindən fiziki və psixoloji zorakılığa məruz qaldığını bildirib.
1news.az xəbər verir ki, qadın sosial şəbəkə hesabında azyaşlı uşağı qucağında olduğu halda avtomobildə ona qarşı zorakılıq tətbiq edilməsini əks etdirən video paylaşıb. O, paylaşımında Nicat Azadlı, eləcə də onun valideynləri və bacısı ilə bağlı ciddi ittihamlar səsləndirib.
Qadının sözlərinə görə, əri onu mütəmadi olaraq döyüb, ailəsi isə bu məsələdə ona dəstək olmaq əvəzinə zorakılığı təşviq edib. O iddia edir ki, Nicatın atası oğluna qarşı tərəfi öldürməsini deyib, həbs olunacağı təqdirdə isə 30-40 min manat ödəyərək onu azad etdirəcəyini vəd edib.
Qadın həmçinin bildirib ki, Nicatın anası hələ doğulmamış nəvəsi ilə bağlı mənfi fikirlər səsləndirib və həmin söhbətin audioyazısı onun əlindədir.
O qeyd edib ki, məruz qaldığı zorakılıq faktlarını təsdiqləyən foto, video və audio materialları hüquq-mühafizə orqanlarına təqdim edib. Onun sözlərinə görə, iş məhkəməyə qədər gedib çıxsa da, sonda qarşı tərəf cəmi 1500 manat məbləğində cərimələnib:
“Özüm tək böyütdüyüm övladımın yaşadığı bütün bu travmalar 1500 manatdırmı? Mənə qarşı təhqir və alçaltmalar, bacısının mənə hücum edib döyməyə cəhd etməsi bu məbləğə dəyərmi? Xahiş edirəm, həm mənim, həm də Raulun yaşadığı bu dəhşətli günlər barədə susmayın. Sizdən yalvarıram”, - deyə o yazıb.
Əldə etdiyimiz məlumata görə, polis əməkdaşları tərəfindən araşdırma aparılır.











