İdman ustalığından vitse-spikerliyə gedən yol – Adil Əliyevin DOSYESİ | 1news.az | Xəbərlər
Siyasət

İdman ustalığından vitse-spikerliyə gedən yol – Adil Əliyevin DOSYESİ

14:18 - 10 / 03 / 2020
İdman ustalığından vitse-spikerliyə gedən yol – Adil Əliyevin DOSYESİ

Milli Məclisin yeni tərkibdə bu gün keçirilən ilk iclasında I vitse-spiker və vitse-spikerlərin seçilməsi məsələsi müzakirə edilib.

1news.az-ın məlumatına görə, səsvermə nəticəsində bitərəf deputatlar tərəfindən namizədliyi irəli sürülmüş Adil Əliev vitse-spiker seçilib.

Adil Əliyev haqqında məlumatı təqdim edirik:

 Adil Abış oğlu Əliyev 1969-cu il sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olub.

1987-ci ildə Bakı idman təmayüllü internat məktəbini bitirib. 1992-ci ildən İdman Ustasıdır. 1992-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki M.V.Frunze adına Ali Hərbi Dənizçilik Akademiyasını bitirib.

 1992-1993-cü illərdə Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrində zabit kimi xidmət edib.

1994-2003-cü illərdə Daxili İşlər orqanlarında müxtəlif vəzifələrdə — Bakı şəhəri Səbail rayon 39-cu polis bölməsində rəis müavini, Nəqliyyatda Baş Polis İdarəsinin Bərə keçid bölməsinin rəisi, Binəqədi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin rəisi, Yasamal rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi işləyib.

1998-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib.

 2000-ci ildə "Polis Əlaçısı" olub.

2000-ci ildən Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir. 2003-cü ildə polis polkovnik-leytenantı rütbəsinə layiq görülüb. 2004-cü ildə Bakı Dövlət Universitetinin magistraturasını bitirib.

2003-2005-ci illərdə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı bölməsinin rəisi işləyib.

2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "İgidliyə görə" dövlət mükafatı ilə təltif edilib. 2009-cu ildə MDB Müdafiə və Təhlükəsizlik Komitəsinin Sədr müavini işləyib.

2009-cu ildə Kikboksinq üzrə veteranlar arası Dünya Çempionu olub. 20 saylı Nərimanov II seçki dairəsindən 2005-ci ildə III çağırış, 2010-cu ildə IV çağırış və 2015-ci ildə V çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib. 2005-2010-cu illərdə Milli Məclisin Təhlükəsizlik və Müdafiə məsələləri daimi komissiyasının üzvü, Azərbaycan-Hollandiya parlamentlər arası əlaqələr üzrə İşçi qrupunun rəhbəri, Azərbaycan-Rusiya, Azərbaycan-Ukrayna, Azərbaycan-Almaniya və Azərbaycan-Türkiyə parlamentlər arası əlaqələr üzrə İşçi qrupunun üzvü olub.

2010-cu ildə BDU-nun aspiranturasını bitirib. 2012-ci ildə çap olunmuş "Erməni soyqırımı: mif və gerçəklik" adlı kitabın ingiliscədən azərbaycan və rus dilinə tərcuməsinin ideya müəllifi olmuşdur. Kitabda uydurma erməni soyqırımı tarixi faktlarla ifşa olunur, qonşularımızın Azərbaycan və Türk xalqlarına qarşı apardığı terrorçu siyasətdən bəhs edilir.

2012-ci ildə "Kütləvi iğtişaş əməlləri ilə mübarizənin cinayət-hüquqi və kriminoloji problemləri" adlı monoqrafiyası işıq üzü görmüşdür. Monoqrafiya kütləvi iğtişaş əməlləri və kriminoloji problemlərin tədqiqinə həsr edilib.

9 aprel 2013-cü ildə hüquq üzrə Fəlsəfə doktoru elmi dərəcəsi alıb.

Ailəlidir, üç övladı var.

General-polkovnik Məhərrəm Əliyev Adil Əliyevin qardaşıdır.

Qafar Ağayev

Paylaş:
2659

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər