ru

Rəsmi

21 Fevral saat 12:01

İtaliya Prezidenti: “Bu səfər Bakı və Roma arasında dostluğun təşviqinə töhfə verəcək”

İtaliya Prezidenti: “Bu səfər Bakı və Roma arasında dostluğun təşviqinə töhfə verəcək”

Azərbaycan regionun ən çiçəklənən ölkələrindən biri və mədəniyyətlər, etnik qruplar və fərqli dinlərin birgəyaşayış modeli kimi özünü təsdiq edib.

1news.az-ın məlumatına görə, İtaliya Prezidenti Sercio Mattarella fevralın 20-də Romadakı Kuirinale Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə verilən dövlət ziyafətində çıxışı zamanı deyib.

İtaliya Prezidenti bildirib:

"Dərin hörmət hissi ilə Sizə və xanımınıza İtaliyaya “Xoş gəlmisiniz” demək istərdim. Azərbaycan Prezidentinin İtaliyaya ilk dövlət səfərində Sizi nümayəndə heyətinizlə birlikdə qəbul etməkdən çox məmnunam. Xüsusilə də Azərbaycana səfərim zamanı mənə göstərdiyiniz qonaqpərvərliyi yaxşı xatırlayıram. Azərbaycana səfərimdən iki il sonra Sizin burada Prezident sarayında olmağınız bizim ölkələrimizi birləşdirən yüksək səviyyəli əlaqələrin əhəmiyyətli göstəricisidir. Sürətlə möhkəmlənən və şaxələnən bu münasibətlər mütəmadi və məhsuldar əlaqələrə təkan verərək yalnız qurumlar, hökumətlər və müəssisələr arasında deyil, həmçinin mədəni və akademik reallıqlar arasında da inkişafa səbəb olmuşdur.

Sizin səfəriniz Sovet İttifaqından tam ayrılma prosesinin başlanğıcını qoyan və hələ də yaddaşlarda yaşayan tarixin acı səhifəsi olan Qara Yanvar faciəvi hadisələrinin baş verdiyi tarixdən 30 il sonraya təsadüf edir. Müstəqilliyini qazandıqdan sonra üçüncü onillik ərəfəsində Azərbaycan regionun ən çiçəklənən ölkələrindən biri və mədəniyyətlər, etnik qruplar və fərqli dinlərin birgəyaşayış modeli kimi özünü təsdiq etmişdir. Burada kökləri keçən əsrin əvvəlində dünyada qadınlara seçki hüququ verən ilk ölkələrdən biri olan Azərbaycan Demokratik Respublikasının qısa, lakin çox əhəmiyyətli tarixi təcrübəsinə dayanan tolerantlıq nümunəsi və fərqlilik içində sülh şəraitində birgəyaşayışdan söhbət gedir.

Cənab Prezident, 25 ildən çox mövcud olan diplomatik əlaqələr çərçivəsində İtaliya və Azərbaycan arasındakı münasibətlər müstəsna inkişafa nail olmuşdur. Bu, həmçinin öz baxışını Avro-Aralıq dənizi məkanına tutan və balanslaşdırılmış geosiyasi mövqeyinə görə güclü olan Bakının seçimi sayəsində mümkün olmuşdur.

Xəzər dənizi və Aralıq dənizi arasında Azərbaycanın körpü rolunu oynaması digər tərəfdən də bu gün Cənub Qaz Dəhlizinin tamamlanmasına güclü təsir edir. Belə ki, TAP layihəsinin yekunlaşması ilə Azərbaycan qazı İtaliyaya nəql ediləcək ki, bu da Avropa İttifaqı enerji siyasətinin əsası olan marşrutların və mənbələrin şaxələndirilməsi üçün önəmli bir göstəricidir.

Bu siyasəti xarakterizə edən seçimləri hər zaman dəstəkləyən İtaliya Brüssel ilə yeni tərəfdaşlıq sazişinin imzalanması vasitəsilə Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin daha da möhkəmlənməsinə müsbət baxır. Eyni istiqamətdə Bakı və Atlantik Tərəfdaşlıq Şurası arasındakı Aralıq dənizi sahəsində bütün maraqlı ölkələr üçün həyati əhəmiyyətə malik olan və stabilləşməyə töhfə verən sərfəli əməkdaşlıq davam edir.

Azərbaycan və Avropa arasında əlaqələrin möhkəmlənməsi fərqli mədəniyyətlər və dinlərin daha ahəngli birgəyaşayışı üçün əlverişli şəraitin yaranmasına imkan verə bilər.

Cənab Prezident, Azərbaycan öz enerji ehtiyatları ilə keçən əsirdə dünyada gedən əhəmiyyətli modernləşmə prosesinin baş qəhrəmanı oldu.

Bu gün İtaliya Respublikası Sizin rəhbərliyiniz altında Azərbaycanın iqtisadi, mədəni və sosial inkişaf yolunda addımlamasına dərin hisslərlə baxır.

Qlobal səviyyədə birinci ticari tərəfdaş kimi Roma Sizin idarəetməniz sayəsində başladılan iqtisadiyyatın şaxələndirilməsi prosesində Azərbaycan Respublikasının yanında olmaq niyyətindədir və ətraf aləmin qorunmasına yönəldilmiş texnoloji innovasiyalara açıq elmi və sənaye yenilikləri ilə töhfə verməyə hazırdır.

Bundan əlavə, illərdir ki, ölkələrimiz çoxtərəfli sahələrdə, xüsusən də ikitərəfli əməkdaşlığımızda əhəmiyyətli şəkildə seçilən energetika və sənaye sektorlarında, həmçinin mədəni və sosial əhəmiyyətli təşəbbüslər daxil olmaqla, bir sıra uğurlu əməkdaşlıqlara imza atmışdır.

Xüsusi məmnunluq hissi duyaraq qeyd etmək istərdim ki, italyan dili və mədəniyyəti artan marağa səbəb olur və mən inanıram ki, elmi, texnoloji və universitetlər sahələrində bağlanmış sazişlər bizim xalqlarımız arasında mövcud olan qarşılıqlı anlaşma və dostluğu daha da gücləndirəcək.

Bu axşamkı konsert yalnız Azərbaycan yaradıcılığının qeyri-adiliyini deyil, həmçinin Azərbaycan və İtaliya arasında mövcud dərin mədəni oxşarlıqları bir daha sübut edir.

Təsadüfü deyil ki, proqram İslam dünyasında ilk opera olan, keçən əsrin əvvəllərində Bakıda səhnələşdirilən və elə o dövrdən etibarən bizim mədəniyyətlərin yüksək sintezini ifadə edən “Leyli və Məcnun” əsərinin bəstəkarı olan Üzeyir Hacıbəylinin məşhur bir parçası ilə başlayır.

Cənab Prezident, ölkələrimiz arasında əlaqələrin inkişaf perspektivləri geniş və dərin panoramaya malikdir. Sizin tarixi əhəmiyyətli dövlət səfəriniz də əminəm ki, bunu daha da gücləndirib, strateji sektorlarda əməkdaşlığı inkişaf etdirərək Bakı və Roma arasında dostluğun təşviqinə töhfə verəcək.

Sizə, xanımınıza və Sizi müşayiət edən nümayəndə heyətinə bir daha “Xoş gəlmisiniz” deyirəm".

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur