Yəhya Bakuvi Beynəlxalq Konfransı Ağdamda davam edib
Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində İslam dünyasının mötəbər mütəfəkkiri, görkəmli azərbaycanlı alim, ilahiyyatçı filosof Şeyx Seyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransın iştirakçıları Ağdam şəhərinə gəliblər.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, elmi-praktiki Konfrans işini Ağdam şəhərində davam etdirib. Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edən QMİ sədri şeyxülislam Allahşükür Paşazadə bildirib ki, Ağdam Cümə məscidi Birinci Qarabağ Müharibəsi dönəmində “şəhid məscidi” kimi yadda qalmışdı: "İşğal dövründə Qarabağda yerləşən 67-dən çox məscid, məbəd dağıdılıb, Ağdam məscidində isə donuz saxlanılıb. Hətta məscidin divarlarına İslama qarşı yazılar yazılıb. Bu, yalnız Azərbaycan müsəlmanlarına deyil, bütün dünya müsəlmanlarına qarşı təhqirdir”.
Şeyxülislam əlavə edib ki, hazırda dövlətimizin başçısının rəhbərliyi ilə Qarabağa yenidən həyat qayıdır, dağıdılan yerlər yenidən qurulur, məscidlər bərpa edilir və tikilir.
Azərbaycan prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarındakı xüsusi nümayəndəsi Emin Hüseynov vurğulayıb ki, Ağdam şəhəri vaxtilə dağıntı və kədərin simvolu, “Qafqazın Hiroşiması” kimi xarakterizə olunurdusa, bu gün o, sülhün, təhlükəsizliyin və gələcəyə inamın rəmzinə çevrilir: "Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində dağıntıların yerində yeni həyat qurulur, məscidlər bərpa edilir, yaşayış məhəllələri salınır, məktəblər, xəstəxanalar, mədəniyyət və ictimai obyektlər inşa olunur. Bu, Qarabağın yalnız fiziki deyil, həm də mənəvi dirçəlişidir.
İşğaldan azad olunmuş ərazilərdə yalnız dağıdılmış məscidlər bərpa edilmir, yeni məscidlər də inşa olunur. Qarabağ yalnız yenidən qurulmur. Onun mənəvi həyatı da yenidən canlanır".
Ümumdünya İslam Məzhəblərinin Yaxınlaşdırılması Beynəlxalq Assambleyasının baş katibi Həmid Şəhriyari çıxışında regionda və dünyada sülhün, sabitliyin təmin olunmasına çağırış edib: “Ümid edirik ki, tezliklə Cənubi Qafqazda da davamlı sülh əldə ediləcək”.
Türkiyədən olan dini nümayəndə Fatih Mehmet Karaca vurğulayıb ki, Türk Dövlətləri Təşkilatının müsəlman dini liderlərinin bir araya gəlməsi gələcəyə ümid və inam ifadə edən təşəbbüsdür: “Mən Ağdam Cümə məscidini təkrar ibadətə açan Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm. Məscid bir simvoldur, əsas məsələ bölgədə dağıdılan tarixin bərpası, yenidən inşasıdır. Bunu bacaran hər kəsə təşəkkür edirəm”.
Özbəkistan Müsəlmanları İdarəsinin sədri Nuriddin Xaliknazarov çıxışında Ağdam Cümə məscidinin yenidən öz əhlinə, öz müsəlmanlarına qayıtmasından mənunluq ifadə edib: "Mən Özbəkistan müsəlmanları adından bu məscidin yenidən öz əhlinə, öz müsəlmanlarına qayıtmasından, öz diyarında yenə öz camaatına qovuşmasından mənunluğumu bildirirəm. Bu məscid, bu diyar neçə-neçə günahsızların göz yaşlarını şahidi olub, şəhidlərin qanı bahasına azad edilib”.
Digər çıxışlarda da tədbirin əhəmiyyəti yüksək qiymətləndirilib, işğaldan azad edilmiş ərazilərə məscidlərin bərpa olunmasından məmnunluq ifadə edilib.
Sonra namaz qılınıb.
Konfrans iştirakçıları Ağdam Şəhidlər xiyabanını ziyarət ediblər.






















