Noyabrın 25-nə olan hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi noyabrın 25-nə olan hava proqnozunu açıqlayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 7-11, gündüz 13-17, Bakıda gecə 8-10, gündüz 14-16 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 762 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında noyabrın 25-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7, gündüz 13-18, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza görə, noyabrın 25-dən 27-dək Abşeron yarımadasında gilavar küləyinin arabir güclənməsi əksər meteohəssas insanlarda diskomfort hissi yarada bilər.
1news.az