Salyan və Saatlıda ağacların qanunsuz kəsilməsi ilə bağlı araşdırma aparılır
Salyan və Saatlı rayonlarında ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 47 540 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
1news.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xidmətin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Salyan və Saatlı rayonlarında yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Araşdırmalar zamanı Salyan rayonunun Sarvan kəndi və Saatlı rayonunun Sarıcalar kəndi ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara ümumilikdə 47 540 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləğinin cinayət tərkibi yaratdığı müəyyənləşdirilib.
Bununla əlaqədar toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib.












