Tanınmış rəqqas Əlibaba Abdullayevin 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib | 1news.az | Xəbərlər
Mədəniyyət

Tanınmış rəqqas Əlibaba Abdullayevin 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib

11:19 - 01 / 12 / 2015
Tanınmış rəqqas Əlibaba Abdullayevin 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış rəqqas və baletmeyster Əlibaba Abdullayevin 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib.

1news.az "Report"a istinadən xəbər verir ki, Azərbaycan milli rəqs sənətinin görkəmli nümayəndəsi, xalq artisti, tanınmış rəqqas və baletmeyster Əlibaba Abdullayevin 2015-ci il iyun ayının 7-də anadan olmasının 100 illiyi tamam olub.

Filarmoniyanın foyesində Əlibaba Abdullayevin şəxsi arxivi nümayiş etdirilb.

Tədbiri mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev açaraq, Əlibaba Abdullayevin Azərbaycan professional rəqs sənətinin banisi olduğunu bildirib: "Əlibaba Abdullayev Bakıda doğulub. Atası tanınmış mərsiyaxan olub. Əlibaba Abdullayevi filarmoniyaya Üzeyir bəy gətirib. Qəmər Almaszadənin rəhbərliyi altında Leyla Bədirbəyli, Tutuxanım Həmidova və digərleri ilə çiyin-çiyinə çalışıb".

Əməkdar incəsənət xadimi Aydın Kazımzadə Əlibaba Abdullayevin Azərbaycan kinosu tarixində müstəsna xidmətləri olduğunu deyərək, onun rəqslərinə quruluş verdiyi filmlərdən danışıb: "Əlibaba Abdullayevin kino fəaliyyəti çox uğurlu olub. 1940-cı illərdə kinoya gələn Əlibaba Abdullayevin ilk filmi "Səbuhi" olub. "Səbuhi" filmində toy səhnəsini quran görkəmli rəqqas daha sonra "Fətəli xan", "O olmasın, bu olsun", "Görüş", "Əmək və qızılgül" və başqa filmlərdə olan rəqslərə quruluş verib. O, 20-dən çox bədii və sənədli filmdə ifa edilən rəqslərə quruluş verib".

Bundan sonra "Karvan" simfonik muğamının sədaları ilə başlanıb. Tamaşaçılara Əlibaba Abdullayevin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib. Daha sonra Azərbaycanın tanınmış rəqs kollektivlərinin ifasında "Cəngi", "Nəlbəki", "Qaval", "Bulaq başı", "Naz eləmə" və digər rəqslər ifa edilib.

Qeyd edək ki, milli xoreoqrafiya sənətinin böyük bilicisi olan Əlibaba Abdullayev bir çox rəqslərə yüksək professionallıqla quruluş verib.

Onun “Toy”, “Bulaq başında”, “Naz eləmə”, “Çobanlar”, “Vağzalı-mirzəyi”, “Neftçilər”, “Azərbaycan”, “Novruz”, “Uzundərə”, “İnnabı”, “Qazaxı”, “Yallı, “Muleyli”, “Laçın”, “Dədə Qorqud”, “Üç çiçək”, “Dostluq”, “Bəri bax”, “Qaraxal yar” kimi kiçik süjetli folklor tamaşalar, kompozisiyalar və süitalar milli ifaçılıq sənətimizin həmişəyaşar nümunələri sırasındadır.

Xatırladaq ki, Əlibaba Abdulla oğlu Abdullayev 1915-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Filarmoniyası Rəqs ansamblının, Mahnı və Rəqs ansamblının bədii rəhbəri olub.

Musiqili Komediya Teatrında yüksək kateqoriyalı aktyor kimi çalışıb. "Nəlbəki" və "Vağzalı" rəqslərinin ilk quruluşu Əlibaba Abdullayevə məxsusdur. 1936-cı ildə Üzeyir bəy Hacıbəyli onun haqqında "Əlibaba musiqinin ritmini dərindən duyur. Tamaşaçıya elə gəlir ki, onun rəqsləri səslənən melodiyanın əyani təsvirini canlandırır", - deyib.

 

Paylaş:
1065

Son xəbərlər

Bütün xəbərlər