Rizvan Hüseynov: Sovet dövründə albanşünaslıq siyasi-ideoloji maraqlar əsasında formalaşdırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Rizvan Hüseynov: Sovet dövründə albanşünaslıq siyasi-ideoloji maraqlar əsasında formalaşdırılıb

Qafar Ağayev11:09 - Bu gün
Rizvan Hüseynov: Sovet dövründə albanşünaslıq siyasi-ideoloji maraqlar əsasında formalaşdırılıb

“Qafqaz Albaniyası və Gəncəsər monastırı ilə bağlı müasir araşdırmalar sovet dövründə formalaşmış elmi yanaşmaların yenidən nəzərdən keçirilməsini zəruri edir”.

1news.az xəbər verir ki, bunu Qafqaz Tarixi Mərkəzinin direktoru, hərbi ekspert Rizvan Hüseynov “Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, son 15 ildə Qafqaz Tarixi Mərkəzi tərəfindən həm arxivlərdə, həm də xarici mütəxəssislərin iştirakı ilə Qafqaz Albaniyası və Gəncəsər monastırı ilə bağlı araşdırmalar aparılıb.

“Son araşdırmalar bizi sovet dövründən formalaşmış albanşünaslığın bəzi məsələlərinə başqa cür baxmağa məcbur edir. Sovet elminin siyasi və ideoloji maraqlar əsasında formalaşdığı məlumdur. Həmin dövrdə Stalin tərəfindən Qafqazda üçüncü tarixi mərkəzin yaradılması istiqamətində yanaşma ortaya qoyulmuşdu. Gürcü və erməni tarixindən fərqli olaraq albanşünaslığın ayrıca istiqamət kimi formalaşdırılması nəzərdə tutulurdu”, - deyə R.Hüseynov qeyd edib.

Onun sözlərinə görə, həmin dövrdə Gəncəsər və ümumilikdə Albaniya tarixi ilə bağlı araşdırmalar aparan əsas şəxslərdən biri İosif Orbeli olub.

R.Hüseynov bildirib ki, I Dünya müharibəsi ərəfəsində də Gəncəsər və Qarabağla bağlı araşdırmaların arxasında müəyyən siyasi və hərbi məqsədlər dayanıb.

“Birinci Dünya müharibəsi ərəfəsində Çar Rusiyasının baş qərargahının tapşırığı ilə akademik Marr, İosif Orbeli və bir qrup tarixçi-arxeoloq həm Şərqi Anadoluda, həm də Qarabağda araşdırmalar aparıblar. Bizdə bununla bağlı yazışmalar da var. Bu şəxslər bir tərəfdən elmi araşdırmalar aparır, digər tərəfdən isə Rusiyanın hərbi-siyasi maraqları çərçivəsində fəaliyyət göstərirdilər”, - deyə o bildirib.

Alim qeyd edib ki, həmin dövrdə Gəncəsərin gələcəkdə ermənilər üçün dini mərkəzə çevrilməsi məsələsi də gündəmə gətirilib.

“1905-1909-cu illərdə İosif Orbeli Qarabağa gələrək Gəncəsər monastırını araşdırıb. Onun ‘Gəncəsər və Həvats-Tuqun yazıları’ adlı əsəri sonradan tapılaraq nəşr olunub. Burada əsas məqsədlərdən biri gələcəkdə İrəvan quberniyasından köçürülə biləcək erməni əhalisi üçün Qarabağda, xüsusilə dağlıq ərazidə dini mərkəz yaratmaq idi. Gəncəsərin Üçmüəzzinin yerinə alternativ dini mərkəz kimi nəzərdən keçirilməsi də bununla bağlı idi”, - R.Hüseynov deyib.

O bildirib ki, sonrakı tarixi hadisələr bu planların fərqli istiqamətdə inkişaf etməsinə səbəb olub və Qarabağ məsələsi sovet dövründə Dağlıq Qarabağ Muxtar Vilayəti formatında həll edilib.

R.Hüseynov Qarabağdakı xristian abidələrinin ümumbəşəri əhəmiyyət daşıdığını da vurğulayıb.

“Qarabağda bütün xristian dünyası üçün mühüm əhəmiyyət daşıyan üç əsas kilsə var. Bunlar Gəncəsər, Xudavəng və Amarasdır. Bunların əhəmiyyəti yalnız Qarabağ və Qafqaz xristianlığı ilə məhdudlaşmır, ümumbəşəri xristian irsi baxımından da böyükdür”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, Gəncəsər, Amaras və Xudavəng müxtəlif müqəddəslərlə bağlı mühüm dini irsi özündə daşıyır.

“Antiterror tədbirlərindən sonra Xudavəngdə aparılan çəkilişlər zamanı gördük ki, bəzi qalıqların çıxarılması ilə bağlı izlər var. Hesab edirəm ki, bu məsələ bütün xristian dünyasının diqqətinə çatdırılmalıdır. Bu abidələr ümumbəşəri xristian irsinin mühüm hissəsidir”, - R.Hüseynov bildirib.

Qafqaz Tarixi Mərkəzinin direktoru Alban kilsəsinin tarixindən də danışıb.

“Alban kilsəsi apostol kilsəsidir. Yəni birbaşa Qüdsə və İsa peyğəmbərin həvarilərinə bağlı olan kilsədir. Qüdsdə əsrlər boyu Alban məhəlləsi və Alban kilsələrinin olduğu məlumdur”, - deyə o vurğulayıb.

R.Hüseynov qeyd edib ki, Çar Rusiyasının bölgədəki siyasəti nəticəsində Alban kilsəsinin müstəqilliyinə son qoyulub.

“1836-cı ildə Alban katolikosluğu ləğv edildi və onun kilsələri, əmlakı və icmaları erməni Eçmiədzin kilsəsinin tabeliyinə verildi. Qüdsdəki Alban məhəlləsinin taleyi də bu prosesdən təsirləndi. Beləliklə, Alban irsi tədricən başqa bir dini-siyasi strukturun daxilində əridildi”, - deyə alim bildirib.

O, Gəncəsər məsələsinin yalnız dini deyil, həm də tarixi-siyasi mahiyyət daşıdığını söyləyib.

“Qarabağdakı xristian irsini erməni tarixşünaslığından çıxarsaq, onun böyük hissəsi üçün əsaslandırmanın zəiflədiyini görərik. Bu baxımdan Alban irsinin araşdırılması və onun tarixi kontekstinin ortaya qoyulması mühüm əhəmiyyət daşıyır”, - R.Hüseynov deyib.

R.Hüseynov həmçinin “Albaniya” və “Arran” adlandırmaları məsələsinə toxunub.

“Qədim Şərq mənbələrində bu ərazi Rani və Arran kimi qeyd olunur. Biz tariximizdə də Arran adından istifadə etmişik. Hesab edirəm ki, məktəblərdə və elmi ədəbiyyatda bu tarixi adlandırmalara daha çox diqqət yetirmək lazımdır. Ərazinin tarixi adının və tarixi coğrafiyasının düzgün müəyyənləşdirilməsi bizim üçün mühüm məsələdir”, - deyə o əlavə edib.

 

Paylaş:
71

Son xəbərlər

Bütün xəbərlər