Fərid Şəfiyev: Qafqaz Albaniyasının tarixinin saxtalaşdırılmasına imkan verməməliyik
“Qafqaz Albaniyası tarixi mövzudur, amma bizi bu məsələnin siyasi məqamları da maraqlandırır, bu istiqamətdə alimlərin, mütəxəssislərin və medianın fəal iştirakı vacibdir.
1news.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi “Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” mövzusunda tədbirdə BMTMM İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
O bildirib ki, Azərbaycan ərazisində mövcud olmuş müxtəlif dövlətlər ölkənin dövlətçilik tarixində və milli kimliyində iz qoyub:
“Bu irs hərtərəfli araşdırılmalıdır. Tarixi məsələlərdə yaranan hər hansı boşluqdan istifadə edərək tarixi falsifikasiya etməyə çalışırlar. Ona görə bu istiqaməti gücləndirməliyik”.
F.Şəfiyev Qafqaz Albaniyasının araşdırılmasında qədim erməni dili – qrabarın, eləcə də gürcü və erməni dillərinin öyrənilməsinin vacibliyini vurğulayıb:
“Gürcü dili, erməni dili və ümumilikdə Qafqazşünaslıq Azərbaycanda gücləndirilməlidir. Biz bu sahələrə sahib olmadan digərləri sahib olurlar və tarixi falsifikasiya edirlər”.
BMTMM sədri Qafqaz Albaniyasının irsi ilə bağlı Azərbaycana qarşı səsləndirilən ittihamlara da münasibət bildirib:
“Azərbaycanda erməni, katolik və qədim alman kilsələri var və biz onları qoruyuruq. Amma eyni zamanda imkan vermərik ki, kimsə tarixi falsifikasiya etsin”.
Onun sözlərinə görə, Qafqaz Albaniyasının tarixinin erməniləşdirilməsi cəhdlərinin siyasi tərəfi də var:
“Qafqaz Albaniyasının tarixini Böyük Ermənistan ideyası ilə əlaqələndirməyə çalışırlar. Qafqaz Albaniyasının tarixi isə bu yanaşmaya ciddi şəkildə ziddir. Ona görə də biz bu məsələlərə diqqətlə yanaşmalıyıq”.
F.Şəfiyev qeyd edib ki, Azərbaycan sülh və regional əməkdaşlıq siyasətini davam etdirməklə yanaşı, tarixi və elmi məsələlərdə də fəal olmalıdır:
“Azərbaycan bu məsələlərdə zəif ola bilməz. Qarşı tərəfdə bu məsələlərlə hələ də aktiv məşğul olan qüvvələr var. Ona görə tarixi və elmi istiqamətləri daim diqqətdə saxlamalıyıq. Azərbaycanın kursu sülhdür, regionda əməkdaşlıq və ticarətin inkişafıdır, amma bu, tarixi məsələlərdə fəallığımızı azaltmamalıdır”.












