Tarixçi: Alban irsinin erməni irsi kimi təqdim edilməsi ərazi iddiaları ilə bağlıdır | 1news.az | Xəbərlər
Cəmiyyət

Tarixçi: Alban irsinin erməni irsi kimi təqdim edilməsi ərazi iddiaları ilə bağlıdır

Qafar Ağayev10:49 - Bu gün
Tarixçi: Alban irsinin erməni irsi kimi təqdim edilməsi ərazi iddiaları ilə bağlıdır

“Ermənilərin Alban maddi-mədəniyyət nümunələrinə və Albaniya hökmdarlarına sahib çıxmaq cəhdləri Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə sıx bağlıdır”.

1news.az xəbər verir ki, bunu AMEA-nın Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Ramil Ağayev “Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, Qafqaz Albaniyası Azərbaycan ərazisində yaranmış ən qədim dövlətlərdən biri olub və eramızdan əvvəl IV əsrdən eramızın 705-ci ilinə qədər mövcudluğunu qoruyub.

“Albaniyada 26 tayfa yaşayırdı. Onların içərisində ən böyük və ən məşhur tayfa albanlar idi. Albanların adına ilk dəfə eramızdan əvvəl 331-ci ildə Makedoniyalı İsgəndərlə Əhəməni hökmdarı III Dara arasında baş vermiş Qavqamela döyüşü ilə bağlı mənbələrdə rast gəlinir”, - deyə R.Ağayev qeyd edib.

Tarixçi bildirib ki, antik müəlliflərin əsərlərində Albaniyanın sərhədləri şimalda Qafqaz dağları, cənubda Araz çayı, şərqdə Xəzər dənizi, qərbdə isə İberiya ilə həmsərhəd ərazilər kimi göstərilir.

Onun sözlərinə görə, müxtəlif mənbələrdə ölkənin adı Albaniya, Alvan, Alban, Rani, Aran və Arran kimi qeyd olunub.

R.Ağayev qeyd edib ki, ermənilərin əsas ərazi iddialarından biri Kür çayının sağ sahilində yerləşən Arsax və Sünik əraziləri ilə bağlıdır.

“Ermənilər iddia edirlər ki, 387-ci ilə qədər Kürün sağ sahili, o cümlədən Arsax və Sünik Ermənistanın tərkibində olub. Lakin ilkin yazılı mənbələr və epiqrafik abidələr bunu təsdiqləmir. Bir sıra tanınmış tədqiqatçılar da Arsaxın Albaniyanın tərkibində olduğunu və erməni mədəniyyət mərkəzi olmadığını qeyd ediblər”, - deyə alim vurğulayıb.

O, Qafqaz Albaniyasında xristianlığın yayılmasına da diqqət çəkib.

“Albaniyada xristianlıq ermənilərdən təxminən 270 il əvvəl yayılıb. Mənbələr, o cümlədən bir sıra erməni mənbələri də bunu təsdiqləyir. Xristianlığın Albaniyada yayılması I əsrin ortalarından başlayıb. Bu prosesdə həvarilər Taddey və Yeliseyin adı çəkilir. Yeliseyin öz adı ilə kilsə tikdirdiyi bildirilir. Yerli ənənəyə görə, bu kilsə Şəkinin şimalında yerləşən Kiş kilsəsidir”, - R.Ağayev deyib.

Tarixçi bildirib ki, Alban hökmdarı Urnayrın dövründə IV əsrdə xristianlıq dövlət dini kimi rəsmiləşdirilib. Lakin bu, xristianlığın Albaniyada məhz həmin dövrdə yayılmağa başlaması anlamına gəlmir.

“Albaniyada xristianlığın dövlət dini kimi qəbul edilməsindən əvvəl də bu din burada yayılmışdı. Alban kilsəsi müstəqil kilsə olub və onun öz katolikosluğu fəaliyyət göstərib”, - deyə o əlavə edib.

R.Ağayevin sözlərinə görə, Alban katolikosluğunun ilk mərkəzi Çola olub, VI əsrdən Bərdə, sonrakı dövrlərdə isə Bərdə-Qub və Qandzasar mühüm dini mərkəzlərə çevrilib. Alban katolikosluğu Rusiya imperiyası tərəfindən 1836-cı ildə ləğv edilib.

Alim Qafqaz Albaniyasının siyasi tarixindən də danışaraq qeyd edib ki, Arşakilər sülaləsinin hakimiyyəti 510-cu ildə başa çatıb. Bundan sonra ərazidə 510–629-cu illərdə Sasani mərzbanları dövrü yaşanıb.

“629-cu ildən Albaniyada Mehranilər sülaləsinin hakimiyyəti başlayıb. Sülalənin banisi Mehran, ilk hökmdarı Varaz Qriqor, ən məşhur hökmdarı isə onun oğlu Cavanşir olub”, - R.Ağayev bildirib.

O, çıxışının sonunda diqqətçəkən məqamlardan birinə toxunub:

“Qeyd etmək istərdim ki, mənim adlarını çəkdiyim bu şəxslərin hamısını ermənilər özlərinə çıxırlar”.

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər