Fərhad Məmmədov: Sülh prosesinə tarixi və dini məsələlər üzərindən təsir göstərilməməlidir
“Qafqaz Albaniyası irsi ətrafında müzakirələr yalnız tarixi deyil, həm də dövlətçilik və siyasi kontekst daşıyır”.
1news.az xəbər verir ki, bunu BMTMM İdarə Heyəti sədrinin müavini Fərhad Məmmədov “Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, Azərbaycan ərazisində tarixən mövcud olmuş dövlətlərin irsi Azərbaycanın dövlətçilik tarixinin ayrılmaz hissəsidir.
“Bizim apardığımız araşdırmalardan belə nəticə çıxır ki, indiki Azərbaycan ərazisində tarixən 30-a yaxın dövlət mövcud olub. Biz bütün bu dövlətlərin irsini qorumalı və onların varisi olduğumuzu nəzərə almalıyıq. Dünyada çox az ərazi var ki, bu qədər qədim və zəngin dövlətçilik ənənəsinə malik olsun”, - deyə F.Məmmədov qeyd edib.
O vurğulayıb ki, Ermənistanın məhz Qafqaz Albaniyasının irsinə iddia etməsi xüsusi diqqət çəkir.
“Bu 30-a yaxın dövlətdən niyə məhz Qafqaz Albaniyasına iddia edilir? Digər dövlətlərin irsi ilə bağlı belə iddialar yoxdur. Hesab edirəm ki, burada dini amil də mühüm rol oynayır. Belə bir yanaşma formalaşdırılmağa çalışılır ki, əgər VII əsrdən sonra bu ərazilərə İslam dini gəlibsə, deməli, xristian irsini inhisara almaq mümkündür”, - deyə o bildirib.
O qeyd edib ki, Qafqaz Albaniyası irsi ətrafındakı müzakirələr Azərbaycan tarixşünaslığında da uzun müddətdir mövcuddur.
“XX əsrin ortalarında da bu istiqamətdə ciddi müzakirələr aparılıb. Mən arxivlərdə işləyərkən Qarabağla bağlı iddiaların qaldırıldığı dövrdə İqrar Əliyevin həmin məsələyə dair hazırladığı geniş tarixi arayışla rastlaşmışam. Ermənistan Elmlər Akademiyasının Tarix İnstitutunun nəşrlərinə cavab olaraq Azərbaycan tarixçilərinin də araşdırmaları və mövqeləri olub. Yəni bu mövzu yeni deyil, əvvəldən mövcud olub və bundan sonra da gündəmdə olacaq”, - deyə o bildirib.
F.Məmmədov qeyd edib ki, Azərbaycan əraziləri işğaldan azad edildikdən sonra bu istiqamətdə elmi araşdırmaların daha da gücləndirilməsi vacibdir.
“İşğal dövründə bizim əlimiz müəyyən mənada zəif idi. Artıq ərazilərimiz azad olunub. Bundan sonra da bu araşdırmaların sayı artmalı, elmi əsaslandırmanın və sözümüzün kəsərinin daha da güclənməsi təmin edilməlidir”, - deyə BMTMM rəsmisi bildirib.
O, Qafqaz Albaniyası irsi ilə bağlı məsələnin Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
“Burada çox maraqlı bir fenomen ortaya çıxır. İslam dininə mənsub dövlətin xristian irsinin qorunması məsələsi ilə çıxış etməsi, onu öz irsi kimi qəbul etməsi və müdafiə etməsi mühüm məqamdır. Biz bu irsi öz tariximizin bir hissəsi kimi qəbul edir və qoruyuruq”, - F.Məmmədov deyib.
Onun sözlərinə görə, XIX əsrdən etibarən bölgədə dini irslə bağlı proseslər siyasi məqsədlər kontekstində də istifadə olunub.
F.Məmmədov bildirib ki, hazırkı mərhələdə sülh prosesinin fonunda tarixi və dini irslə bağlı müzakirələrə xüsusi diqqət yetirilməlidir.
“Dövlətlərarası səviyyədə sülh prosesinin getdiyi bir vaxtda xalq diplomatiyası səviyyəsində dialoqa ən böyük zərbə məhz bu cür məsələlərdən gəlir. Bizim üçün bu müzakirələr artıq keçmiş mərhələdə qalmayıb və bunu revanşizmin formalarından biri kimi qiymətləndirmək mümkündür”, - deyə o qeyd edib.
O vurğulayıb ki, əvvəl ərazi iddiaları, daha sonra hüquqi müstəvidə müəyyən yanaşmalar ortaya qoyulubsa, hazırda dini irsdən də bu məqsədlə istifadə cəhdləri müşahidə olunur.
“Bu irsin aktuallaşdırılması və gələcəkdə tarixi ədalət anlayışından istifadə etməklə yenidən ərazi iddialarının ortaya qoyulması cəhdi mümkündür. Bu baxımdan məsələyə diqqətlə yanaşmaq lazımdır”, - F.Məmmədov bildirib.
F.Məmmədov Ermənistan Apostol Kilsəsinin roluna da toxunub.
“Ermənistan kilsəsi Ermənistan cəmiyyətində revanşist mövqelərin institusional ifadə olunduğu əsas strukturlardan biridir. Siyasi partiyaların və müxtəlif ictimai-siyasi qurumların mövqeyi siyasi konyunkturadan, təzyiq və ya digər amillərdən asılı olaraq dəyişə bilər. Lakin Ermənistan kilsəsinin son illərdə qəbul etdiyi sənədlər və qərarlar bu məsələdə mövqeyin dəyişmədiyini göstərir”, - deyə o bildirib.
BMTMM rəsmisi Azərbaycan tarixşünaslığının bu istiqamətdə daha fəal olması vacibliyini vurğulayıb.
“Biz bu istiqamətdə işlərimizi gücləndirməliyik. Mərhum tarixçimiz Seyran İsmayılovun belə bir fikri var idi ki, ermənilər hər şeyin onlara aid olduğunu, biz isə onun bizə aid olduğunu sübut etməyə çalışırıq. Azərbaycan öz tarixinə, ermənilər isə tarixçilərinə güvənirlər. Ona görə də bu müzakirələri ilk növbədə elmi səviyyədə aparmalı və məsələnin siyasi müstəviyə daşınmasına imkan verməməliyik”, - F.Məmmədov deyib.












