«Günəşli»də yanğının söndürülməsində iştirak edən FHN-in gəmi komandiri vəfat edib | 1news.az | Xəbərlər
Cəmiyyət

«Günəşli»də yanğının söndürülməsində iştirak edən FHN-in gəmi komandiri vəfat edib

14:22 - 08 / 12 / 2015
«Günəşli»də yanğının söndürülməsində iştirak edən FHN-in gəmi komandiri vəfat edib

Fövqəladə Hallar Nazirliyi (FHN) “Vixr-9” yanğınsöndürmə gəmisinin komandirinin vəfat etməsi ilə bağlı məlumat yayıb.

1 news.az-ın nazirliyə istinadən verdyi xəbərə görə, dekabrın 4-də Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması işlərinə FHN-nin müvafiq qüvvələri cəlb olunub.

“Təəssüflə qeyd edək ki, baş vermiş qəza ərazisinə ilk yaxınlaşan “Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri, son günlərin ağır və gərgin iş rejimi ilə ekstremal şəraitdə yanğınsöndürmə əməliyyatında qəhrəmancasına iştirak edən daxili xidmət polkovnik-leytenantı Kryuçkov Vyaçeslav Sergeyeviç dekabrın 7-də xidmətdə olduğu zaman səhhətinin qəfil pisləşməsi səbəbindən Bakı şəhəri Sabunçu rayonundakı 3 saylı Şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, Vyaçeslav Kryuçkov dekabrın 8-də həmin xəstəxanada ürək çatışmazlığından vəfat edib”- deyə, məlumatda bildirilir.

Qeyd edək ki, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin “Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri daxili xidmət polkovnik-leytenantı Kryuçkov Vyaçeslav Sergeyeviç 22 mart 1970-ci ildə Bakı şəhərində anadan olub.

Bakı Dənizçilik Məktəbini bitirib. 17 sentyabr 1991-ci ildən yanğından mühafizə orqanlarında xidmət etmiş, 10 noyabr 2008-ci ildən isə “Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri vəzifəsində çalışıb. Xidmətdə olduğu müddətdə özünü yüksək məsuliyyətli, peşəkar və fədakar əməkdaş kimi tanıdıb. İki övladı var.

Allah rəhmət eləsin!

1 news.az

 

Paylaş:
891

Son xəbərlər

Bütün xəbərlər