Azərbaycan Prezidentinin fərmanı lisenziyalaşdırma sahəsinə hansı yenilikləri daxil etdi?
Azərbaycan Prezidenti İlham Əliyevin lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında Fərmanı ölkədə işgüzar fəallığın stimullaşdırılması üçün bir sıra yenilikləri daxil edən islahatlar sahəsinə növbəti addımdır ki, bu haqda məqalədə qeyd olunacaq.
Qeyd edək ki, ümumilikdə lisenziyaların sayı 40% azaldılıb. Əvvəl 59 fəaliyyət növü ilə məşğul olmaq üçün lisenziya alınması tələb olunurdusa, Fərmana əsasən lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 37-dək azaldılıb.
Bununla da, saxlanılan lisenziyaların 33 növünün Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən, dövlət təhlükəsizliyi ilə bağlı 4 növünün isə digər dövlət orqanları tərəfindən verilməsi nəzərdə tutulur.
Lisenziyalar artıq müddətsiz veriləcəkdir. Həmçinin bu günədək verilmiş qüvvədə olan müddətli lisenziyalar müddətsiz hesab ediləcəkdir.
Eyni zamanda lisenziyanın verilməsi barədə qərarın qəbul edilməsi müddəti 15 gündən 10 günə endirilib.
Lisenziya verilməsinə görə ödənilməli olan mövcud dövlət rüsumlarının məbləği iki dəfə azaldılıb.
Lisenziyaların verilməsi qaydalarının təkmilləşdirilməsi məsələsinə gəlincə isə Fərman bununla bağlı bir sıra yenilikləri təqdim edir:
Lisenziya verən orqan müraciətə baxılması zamanı aşağıdakı səlahiyyətlərdən istifadə edir:
1.Fəaliyyət növünün xüsusiyyətindən asılı olaraq zəruri hesab etdikdə müvafiq dövlət orqanının rəyinin alınması;
2.Lisenziya verilməsi ilə bağlı müraciətlərin araşdırılması məqsədilə zəruri hallarda ekspert və ya mütəxəssislərin cəlb edilməsi;
3.Lisenziya tələb olunan fəaliyyət növünün həyata keçirilməsi obyektlə bağlı olduqda həmin obyektin lisenziyanın alınması üçün təqdim edilən sənədlərə uyğunluğunun yerində qiymətləndirilməsi;
Həmçinin digər ümumi qaydaları da nəzərinizə çatdıraq:
- Müəyyən edilmiş müddətdə aidiyyəti dövlət orqanı tərəfindən rəy bildirilmədikdə müsbət rəyin verilmiş hesab ediləcəkdir.
- Ekspertin və ya mütəxəssisin rəyinin alınması üçün təyin olunan müddət 5 iş günündən çox olmamalıdır.
- Lisenziya sahibinin lisenziyada göstərilən fəaliyyətin həyata keçirilməsi zamanı yerinə yetirilməli olan Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən tələblərə riayət etməməsi lisenziya verən dövlət orqanı tərəfindən müəyyən edildikdə lisenziyanın dayandırılması haqqında qərarın qəbul edilməsinə səbəb olacaqdır.
- Lisenziyanın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda lisenziya verən dövlət orqanının lisenziyanın ləğvi haqqında qərar qəbul ediləcəkdir.
Bundan əlavə Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisinə göndərilən qanun layihəsinə əsasən,lisenziya tələb olunan sahibkarlıq fəaliyyətinin Azərbaycan Respublikasının regionlarında (Bakı şəhəri istisna olmaqla) həyata keçirilməsinə görə müəyyən edilmiş dövlət rüsumunun 50%-inin ödənilməsi nəzərdə tutulub.
Eyni lisenziyanın bir neçə alt növü üzrə lisenziyaalınması üçün müraciət olunduqda bir lisenziya üçün müəyyən olunan dövlət rüsumunun ödənilməsi müəyyən edilir.
Lisenziya verildikdən sonra lisenziya sahibi lisenziyada göstərilən fəaliyyət növünü başqa obyektlərdə də həyata keçirmək və ya lisenziyanın əlavəsində göstərilməyən iş və xidmətlərlə məşğul olmaq üçün lisenziya əlavəsinin alınması məqsədi ilə müraciət etdikdə, obyektlərin və ya iş və xidmətlərin sayından asılı olmayaraq müvafiq fəaliyyət növünə lisenziya verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət rüsumunun 50%-i ödənilir.
Həmçinin lisenziyanın yenidən rəsmiləşdirilməsi və bərpası üçün dövlət rüsumunun ödənilməməsi nəzərdə tutulur.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti ölkədə biznes-mühitin yaxşılaşdırılması istiqamətində vacib təşəbbüs göstərib.
Oktaybrın 19-da ölkə başçısı qanunverici təşəbbüs qaydasına uyğun olaraq,2015-ci il noyabrın 1-dən etibarən ölkədə iki il müddətinə sahibkarlıq sahəsində yoxlamaların dayandırılması ilə bağlıMilli Məclisə qanun layihəsi göndərib.