Azərbaycanda GMO məhsullarla bağlı yeni standart layihəsi hazırlanıb
Azərbaycanda əhalinin genetik modifikasiya olunmuş (GMO) məhsullardan qorunması üçün tədbirlər görülür.
Bu barədə 1news.az-a məlumatı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən veriblər.
Məlumata görə, elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından (bundan sonra- genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından) istifadə edilərək istehsal olunan yeyinti məhsullarının qanunsuz dövriyyəsinin qarşısının alınması və istehlakçıların hüquqlarının qorunması ilə bağlı işlər keçən il də davam etdirilib.
Bununla əlaqədar yeyinti məhsulları ilə bağlı 115 milli standartın siyahısı tərtib olunub və həmin standartlara “GMO bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının və ya GMO bitkilərin genetik materiallarından yeyinti məhsullarının istehsalında istifadə olunması qadağandır” sözləri yazılmış yeni bənd yeni standartlarda və texniki şərtlərdə öz əksini tapacaq.
Həmçinin məhsullarda DNT analizləri nəticəsində GMO-nun müəyyən olunması metodları, DNT ekstraksiyası və bununla bağlı olan 3 adda ГОСТ ИСО dövlətlərarası standartlara Azərbaycan Respublikasının qoşulması haqqında Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuraya məktub göndərilib.
GMO bitkilərin genetik materiallarından istifadə olunmasının müəyyənləşdirilməsi məqsədilə yeyinti məhsullarına aid qüvvədə olan dövlətlərarası standartların siyahısı tərtib olunub, hazırda dövlətlərarası standartların aidiyyatı müddəalarının nəzərdən keçirilməsi həyata keçirilir.
AZS ТКП 131-2008 (03220) “Qida məhsulları “Tərkibində GMO yoxdur” işarəsilə markalanmanın qaydaları” standart layihəsi işlənib və hazırda ekspertiza mərhələsindədir.
1news.az