Azərbaycanın xəbər saytları Bear Qrilsi Bakıda “tapdı”
8 yanvar cümə günü Azərbaycanın bir çox internet saytları Discovery kanalındakı “Nəyin bahasına olursa sağ qalmaq” proqramının aparıcısı Bear Qrilsin şounun növbəti epizodunu Bakıda çəkəcəyi haqqında məlumat yaymışdı.
Həmçinin qeyd olunurdu ki, proqram müəllifi 150 manatla bir ay müddətində Bakıda yaşamaq imkanını sınaqdan keçirəcək.
Məşhur aparıcının gəlişinə sübut olaraq saytlarda onun guya Milli Bank qarşısında çəkdirdiyi foto qoyulmuşdu.
Təəccüblü deyil ki, bu informasiyanın doğruluğunu yoxlamaq cəhdi gözlənilən nəticə ilə sonlandı. Xəbərlər sadəcə yalan ( ən yaxşı halda kiminsə zarafatı idi) foto isə sadəcə kollaj idi və bəzi jurnalistlər tərəfindən gercək zənn edilib paylaşılmışdı.
Fotonun Google-də axtarışı da bunu sübut edir. Şəklin orijinal variantında Milli Bank, yolla gedən insanlar, hətta bayrağın görüntüsü olsa da, aparıcının təsviri həmin fotoda yoxdur.
Qrilsin təsvirindən başqa fotolar arasında heç bir fərq yoxdur.
Bu isə teleaparıcının orijinal “selfi”sidir. Doğrudur, burada o AR Mərkəzi Bankı ilə deyil, dağlarda səfərə çıxdığı ABŞ prezidenti Barak Obama ilə birlikdə təsvir olunub.
Qrislin Tvitter səhifəsi və rəsmi saytında Azərbaycanda çəkiliş aparmaq planları haqqında heç bir informasiya yoxdur.
Xatırladaq ki, Bear Qrils ( əsil adı Edvard Maykl Qrill) “Nəyin bahasına olursa olsun sağ qalmaq” proqramının aparıcısıdır. Proqram “Channel4” və Discovery Channel vasitəsilə ABŞ, Avropa, Asiya və Afrikada yayımlanır. Proqramda Qrils vəhşi təbiət məkanlarında necə yaşamaq mümkün olduğunu tamaşaçılara göstərir.
“Məhdud büdcə ilə şəhərdə necə yaşamaq olar” mövzusunda çəkilişlər onun proqramı çərçivəsində aparılmayıb.
Proqram ilk dəfə 2006-cı ildə televiziyada nümayiş olunub.1.2 milyondan artıq auditoriyası olan yüksək reytinqli şoudur.
Proqramın konsepsiyasına qısa nəzər salaq: Baeri dünyanın fərqli nöqtələrinə göndərirlər, proqram boyu əsas məqsədi insanların məskunlaşdığı məkanlara yol tapmaqdır. Veriliş boyu maraqlı və faydalı bir çox şey görmək olar. Proqram bolu kibritsiz necə od qalamaq olar, əlimizdə olan vasitələrdən açıq havada gecə qalmaq üçün necə yer hazırlamaq mümkündür, kompassız cəhətləri müəyyənləşdirməyin yolları və s. əyani göstərilir.