Fevral ayında magistraturaya qəbul qaydalarında heç bir yenilik olmayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Fevral ayında magistraturaya qəbul qaydalarında heç bir yenilik olmayacaq

13:44 - 11 / 01 / 2016
Fevral ayında magistraturaya qəbul qaydalarında heç bir yenilik olmayacaq

Magistraturaya qəbul imtahanı bu il də iki mərhələdə keçiriləcək.

1news.az xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən xəbərə görə, imtahanın birinci mərhələsinin 2016-cı ilin mart ayında, ikinci mərhələsinin isə may ayında keçirilməsi nəzərdə tutulub. Birinci mərhələdə bakalavrların məntiqi təfəkkürü, xarici dil və informatika üzrə bilik səviyyəsi test üsulu ilə yoxlanılacaq.

Qəbul qaydalarına görə, imtahanın birinci mərhələsini uğurla adlayan bakalavrlar ikinci mərhələdə iştirak etmək hüququ qazanacaqlar.

Həmin mərhələdə isə bakalavrların ixtisas üzrə bilikləri çoxseçimli və açıq formalı test tapşırıqlarının cavablandırılması, bəzi proqramlar üzrə isə yazı işlərinin yerinə yetirilməsi vasitəsilə yoxlanılacaq. Müsabiqə və yerləşdirmə bakalavrların topladıqları ümumi ballar (imtahanın iki mərhələsində toplanılan balların cəmi) əsasında həyata keçiriləcək.

Xatırladaq ki, "Magistr" jurnalının 1-ci sayında magistraturaya qəbul qaydaları ilə bərabər, məntiqi təfəkkür, xarici dillər və informatika üzrə qəbul proqramları, həmçinin məntiqi təfəkkürün yoxlanılması üzrə izahlı test tapşırığı nümunələri təqdim edilir.

Magistraturaya qəbul elanı, məntiq, informatika və xarici dillər üzrə model testlər, ixtisaslaşma seçiminə dair cədvəllər, ixtisaslaşmalar üzrə qəbul proqramları və digər materiallar isə jurnalın növbəti saylarında dərc olunacaq.

Paylaş:
656

Son xəbərlər

Bütün xəbərlər