Gürcü xalqı Azərbaycanın müdafiəsinə qalxdı
Mixail Saakaşvilinin partiyası Gürcüstan hökumətindən Rusiyanın “Qazprom” şirkəti ilə qaz müqaviləsi bağlandığını elan etməyə çağırıb.
ANS PRESS-in məlumatına görə, etirazçılar müqavilə elan edilmədiyi təqdirdə partiya üzvlərinin dövlət əleyhinə irimiqyaslı aksiyalar keçirəcəyini bəyan ediblər.
"Gürcüstan hökuməti xalqından gizli formada Rusiya ilə danışıqlar aparır. Bu danışıqlarda Gürcüstanın enerji bazarına Rusiyanın “Qazprom” şirkətinin daxil edilməsini nəzərdə tutulur. Bütün bunlar Rusiyanın siyasi maraqları ilə birbaşa bağlıdır. Hakimiyyətin bu addımı Gürcüstanın energetika və milli müstəqilliyinə təhlükə yaradır”, - deyə etirazçıların bəyanatında bildirilir.
Bundan başqa, sabiq prezident Mixail Saakaşvilinin “Vahid milli hərəkat" partiyasının üzvləri bildiriblər ki, bu müqavilə Azərbaycanla energetika sahəsində əməkdaşlığa xələl gətirəcək. Azərbaycan tərəfi bir neçə il ərzində stabil olaraq Gürcüstanın enerji bazarını qazla təmin edir. Hətta bir neçə dəfə istənilən miqdarda qaz nəql etməyə hazır olduğunu bildirib. Etirazçılar həmçinin “Qazprom”dan asılı olduqları illəri xatırlayıblar.
Bir neçə gün əvvəl isə Gürcüstanın energetika naziri Kaxa Kaladzenin Rusiyanın “Qazprom” şirkətinin nümayəndələri ilə İsveçrədə gizli görüş keçirdiyi bərədə məlumatlar yayılmışdı.
Kaladze "Qazprom"un ixrac rəhbəri Yelena Burmistrova ilə qaz məsələsini müzakirə edib. Gürcü ekspert Soso Tsiskarişvilinin iddiasına görə, Gürcüstan Azərbaycandan ixrac etdiyi "mavi yanacağ"ın 50%-ni Rusiya qazı ilə əvəz etmək niyyətindədir. Kaladzenin İran və Rusiya ilə ilk gizli qaz danışıqları ötən ilin sentyabrında üzə çıxmışdı. Amma həmin vaxt heç bir tərəflə razılaşma əldə olunmamışdı.
Gürcüstanın bir çox müxalifət partiyaları hakim partiyanın Rusiya ilə enerji əməkdaşlığına etiraz edir. Çünki Rusiya Gürcüstanın Cənubi Osetiya və Abxaziya vilayətini nəzarəti altında saxlayır. Həmin vaxtdan etibarən iqtisadi və siyasi əlaqələr dayandırılıb.
Rusiyanın xarici enerji strategiyasına nəzər saldıqda onun bir çox hallarda öz nüfuzundan siyasi məqsədləri üçün istifadə etdiyini görə bilərik. Rusiya və Türkiyə arasında vəziyyət gərginləşdikdən sonra rəsmi Moskva enerji və ticari əlaqələrini siyasi məqsədləri üçün istifadə etdi. Münasibətlər korlandıqdan sonra Rusiya Türkiyəyə bir çox iqtisadi sanksiyalar tətbiq etdi.
Hər halda gürcü xalqı regionda baş verən prosesləri diqqətlə izlədiyi üçün Rusiya ilə əməkdaşlıqdan çəkinir. Ona görə də siyasi hakimiyyəti bu məqsədindən çəkindirməyə çalışır. Onlar həm də Azərbaycan kimi etibarlı tərəfdaşı itirmək istəmirlər.