Gürcüstan energetika naziri: " Azərbaycandan nəql olunan qazın həcminin artırılması üçün müvafiq investisiya qoyuluşu vacibdir "
Gürcüstan hökumət rəsmiləri və SOCAR prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Tiflisdəki görüşü başa çatıb
1news.az APA-ya istinadən xəbər verir ki, Gürcüstanın baş nazirinin I müavini, energetika naziri Kaxa Kaladze SOCAR-ın bu il Gürcüstanın təbii qaza olan tələbatını ödəyə bilməyəcəyini bildirib.
"Azərbaycandan nəql olunan qazın həcminin artırılması üçün müvafiq investisiya qoyuluşu ilə texniki dəstəyin verilməsi vacibdir. Söhbət Gürcüstana nəql olunan qazın həcminin artırılmasından və bu layihədə SOCAR-ın iştirakından gedir. Tərəflər buna hazırdır", - deyə K. Kaladze qeyd edib.
O qeyd edib ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır.
Qeyd edək ki, bu gün Tbilisidə KİV üçün qapalı şəraitdə keçirilən görüş zamanı Gürcüstan tərəfini baş nazir Georgi Kvirikaşvili və Kaxa Kaladze təmsil edib.
Xatırladaq ki, ötən gün K. Kaladze bildirib ki, Rusiya tərəfi Gürcüstana nəql olunan qaza görə Azərbaycandan daha ucuz qiymət təklif edir. Lakin baş nazirin müavini qiyməti açıqlamayıb. Bununla yanaşı, o qeyd edib ki, Rusiya tərəfinin təklif etdiyi qiymət SOCAR-a təqdim olunub.