Bakı şəhəri üzrə bağlı qalan cinayət hadisələrinin sayı açıqlanıb
Bu gün Bakı şəhər prokurorluğunda ərazi rayon (şəhər) prokurorluqları işçilərinin iştirakı ilə geniş əməliyyat müşavirəsi keçirilib.
1news.az-ın məlumatına görə, müşavirədə 2015-ci ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələr müzakirə olunub.
Hesabat məruzəsi ilə çıxış edən Bakı şəhər prokuroru Əziz Seyidov bildirib ki, əvvəlki illərdə olduğu kimi, 2015-ci il də ölkəmiz üçün uğurlu olub, dövlət başçısının rəhbərliyi altında həyata keçirilmiş müstəqil, düşünülmüş siyasi kurs sayəsində ölkəmiz öz uğurlu inkişafını davam etdirmiş, dünya birliyindəki mövqeyini daha da möhkəmləndirib.
Bildirilib ki, hesabat dövründə şəhər prokurorluğunun əməkdaşları cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində paytaxtın digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərərək bir çox nailiyyətlər əldə ediblər.
Görülmüş müsbət işlərin nəticəsidir ki, il ərzində prokurorluqda 578, daxili işlər orqanlarında isə 4644 cinayət işinin istintaqının tamamlanması təmin edilib.
Müşavirədə hesabat dövründə əldə edilmiş müsbət nəticələrlə yanaşı nöqsanlar da diqqətə çatdırılaraq ötən il ərzində qəsdən adam öldürmə cinayətlərinin və ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin sayının azalmasına baxmayaraq, Qaradağ və Yasamal rayonlarının hər birində 1 qəsdən adam öldürmə, Nəsimi rayonunda 1 qəsdən adam öldürməyə cəhd, Sabunçu rayonunda 2 və Xətai rayonunda 1 ölümlə nəticələnən yol nəqliyyat hadisəsinin açılmaması narahatçılıq hissi ilə qeyd edilməklə həmin işlərin tezliklə açılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılmasının zəruriliyi vurğulanıb.
1news.az