Elmira Süleymanova: “20 Yanvar faciə ilə bağlı ən sərt bəyanatı ulu öndər Heydər Əliyev verib” | 1news.az | Xəbərlər
Cəmiyyət

Elmira Süleymanova: “20 Yanvar faciə ilə bağlı ən sərt bəyanatı ulu öndər Heydər Əliyev verib”

20:36 - 15 / 01 / 2016
Elmira Süleymanova: “20 Yanvar faciə ilə bağlı ən sərt bəyanatı ulu öndər Heydər Əliyev verib”

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar bəyanat verib.

1news.az-ın ombudsmanın mətbuat xidmətinə istinadla verdiyi xəbərə görə, bəyanatda deyilir ki, 26 il əvvəl törədilmiş 20 Yanvar faciəsi insanlığa qarşı qatı cinayətdir.

Xalqımızın yaddaşına Qara Yanvar gecəsi kimi həkk olunmuş bu tarix həm şəhidlərin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birlik, fəxr və şərəf günüdür. Bu qanlı hadisələr bir daha nümayiş etdirdi ki, Azərbaycan xalqı müstəqilliyinin bərpası naminə mübarizə aparmaq əzmindədir.

1988-ci ildən başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətində güclənən erməni separatizminə keçmiş sovet dövləti tərəfindən rəvac verilməsi, ölkəmizə qarşı qərəzli mövqe nəticəsində bu vilayətin idarə və təşkilatlarının tədricən respublikamızın tabeliyindən çıxarılması, azərbaycanlıların Ermənistandakı tarixi-etnik torpaqlarından deportasiya edilməsi xalqımızın səbrini tükəndirmişdi. Məhz xalqın etirazına cavab olaraq, o vaxtkı SSRİ rəhbərliyi Azərbaycanı cəzalandırmaq üçün bu qırğını törətdi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi hissələri və zirehli texnikası heç bir xəbərdarlıq etmədən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin bir çox digər şəhər və rayonlarına yeridilib, hərbi gəmilərdən çıxarılan desant qrupları da şəhər üzərinə hücuma keçib, ağır hərbi texnika dinc əhalinin qurduğu barrikadaları dağıdıb, nəticədə beynəlxalq hüquq normaları, keçmiş SSRİ-nin və Azərbaycan SSR-in konstitusiyalarının müvafiq müddəaları kobudcasına pozulub, öz hüquqlarının, torpaqlarının və milli mənliyinin müdafiəsinə qalxmış çoxmillətli xalqımıza divan tutulub.

Keçmiş SSRİ rəhbərlərinin göstərişinə əsasən, Bakıya daxil olan silahlı qoşunlar milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 147 nəfər silahsız mülki şəxsi amansızcasına öldürüb, paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 744 dinc, günahsız insan yaralanıb, yüzlərlə adam itkin düşüb, 841 nəfər qanunsuz həbs edilib. Yanvarın 20-də fövqəladə vəziyyət elan edildikdən sonra isə daha 21 nəfər öldürülüb. Yaralıları çıxaran təcili tibbi yardım maşınlarına və həkimlərə də atəş açılıb, tibb işçiləri də şəhid olub, yaralanıb.

Beləliklə, ölçüyəgəlməz dağıntılar törədilib, yüzlərlə silahsız, sülhpərvər insan, o cümlədən yaşlılar, qadınlar və uşaqlar xüsusi qəddarlıqla qətlə yetiriliblər. Qoşunun şəhərə daxil olması barədə rəsmi məlumatın əhalidən gizlədilməsi məqsədilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təşkil etdiyi əməliyyat nəticəsində respublika televiziyasının enerji bloku partladılıb. Hücum zamanı qadağan edilmiş silah və sursatdan istifadə olunub, azğınlaşmış hərbçilər yaralıları yerindəcə güllələyib, ağır hərbi texnikanın tırtılları altına salıblar. Azərbaycanlılara qarşı nifrət hissi ilə köklənən hərbi canilər həlak olanların dəqiq sayını gizlətmək üçün hətta cəsədləri məhv edirdilər.

O dövrdə faciə ilə bağlı ən sərt bəyanatı ulu öndər Heydər Əliyev verib və 20 Yanvar faciəsində insanlığa qarşı törədilən qırğınlara siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını tələb edib.

1993-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis 20 Yanvar tarixini Ümumxalq Hüzn Günü elan edib və bu gün respublikamızda hər il qeyd olunur.

Xüsusi qeyd edilməlidir ki, öz konstitusion hüquqlarının bərqərar olunmasını tələb edən dinc əhali qoşun birləşmələri tərəfindən gülləboran edilib, lakin bu hadisə xalqımızın iradəsini qıra bilməyib və bu azadlıq mübarizəsi 1991-ci ildə Azərbaycanın bu il 25 illiyini qeyd edəcəyimiz öz müstəqilliyini yenidən əldə etməsi ilə nəticələnib.

Sovet dövləti beynəlxalq hüquq normalarını pozaraq, həmin cinayətlə Ermənistana dəstək verib, nəticədə Azərbaycana qarşı uzunmüddətli erməni təcavüzü, etnik təmizləmə, soyqırımı baş verib, torpaqlarımızın 20 faizi zəbt edilib, Ermənistan ərazisindən, Dağlıq Qarabağ və ətraf yeddi rayondan əhali zorla qovulub, bir milyon soydaşımız qaçqın və məcburi köçkünə çevrilib.

Azərbaycan tərəfi bu münaqişənin sülh yolu ilə həllinə daim səy göstərir. Ölkə Prezidenti İlham Əliyev məlum münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmasının, zəbt edilmiş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının zəruriliyini dəfələrlə və qətiyyətlə bəyan edib.

Həmin qanlı hadisələr zamanı hünər nümunəsi göstərərək həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına ölkə Prezidentinin müvafiq Fərmanına əsasən “20 Yanvar şəhidi” fəxri adı verilib, habelə “1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında” Sərəncama əsasən, müxtəlif tədbirlər həyata keçirilir, bu şəxslərə müvafiq müavinət, həmçinin onların ailələrinə Prezident təqaüdü verilir.

Bu günlərdə müvafiq Sərəncamla “20 Yanvar faciəsinin 26-cı ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiqlənib. Həmin plana əsasən, respublikanın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı konfrans, toplantı və mühazirələrin təşkili, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların, bədii və sənədli filmlərin nümayişi, bu tədbirlərin KİV-də geniş işıqlandırılması, dünya ictimaiyyətinin diqqətini faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, diaspor qurumları və icmaları vasitəsilə müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı KİV-lərində bu faciə barədə materialların verilməsi, habelə bütün tədris müəssisələrində xüsusi dərslərin aparılması nəzərdə tutulub.

Azərbaycan həqiqətlərinin, o cümlədən 20 Yanvar faciəsi ilə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılması qarşımızda duran mühüm vəzifələrdəndir. İştirak etdiyimiz çoxsaylı beynəlxalq konfranslardakı və digər tədbirlərdəki çıxışlarımızda xalqımızın məruz qaldığı soyqırımları, terror hadisələri, habelə 20 Yanvar faciəsi barədə ətraflı məlumat verilib, bununla bağlı bəyanatlarımız nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən BMT-nin baş katibinə, Təhlükəsizlik Şurasına, insan hüquqları üzrə ali komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına ünvanlanıb.

İnsanlıq əleyhinə törədilmiş bu dəhşətli əməl nəticəsində BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlər kobud şəkildə pozulsa da, öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən olan 20 Yanvar faciəsinə indiyədək beynəlxalq hüquqi qiymət verilməyib, aksiyanın sifarişçiləri və icraçıları cəzalandırılmayıb.

Beynəlxalq hüquqa əsasən, 20 Yanvar faciəsi insanlıq əleyhinə cinayət kimi tövsif edilməlidir. Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun 7-ci maddəsinə əsasən, insanların məhv edilməsi, məcburi yoxa çıxarılması, siyasi, irqi, etnik, mədəni və ya cinsi motivlərə görə təqib edilməsi, işgəncə, qəsdən güclü iztirablara səbəb olma və ya ağır bədən xəsarətləri, yaxud fiziki və ya psixi sağlamlığa mühüm ziyan vurmaqdan ibarət olan digər qeyri-insani hərəkətlər insanlıq əleyhinə cinayət kimi tövsif edilir.

Beləliklə, 20 Yanvar hadisələrinin beynəlxalq hüquqa əsasən, beynəlxalq cinayətlərin ən ağır növlərindən olan insanlıq əleyhinə cinayət kimi tövsif edilməsi üçün kifayət qədər hüquqi sənədlər və normalar mövcuddur. Eyni zamanda, bu vəhşilikləri törətmiş hərbi qulluqçuların və onların icrasına əmr verənlərin, ən əvvəl isə o vaxtkı sovet dövləti rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunması üçün yetərincə əsaslar var.

Göstərilənləri əsas tutaraq, dünya ictimaiyyətinin və beynəlxalq qurumların Azərbaycanın haqlı tələblərini dəstəkləyəcəklərinə, bu qanlı aksiyanın insanlıq əleyhinə cinayət kimi tezliklə beynəlxalq hüquqi qiymətini alacağına və cinayətkarların cəzasız qalmayacağına ümid edirik.

Qeyd edək ki, bəyanat BMT-nin baş katibinə, Təhlükəsizlik Şurasına, insan hüquqları üzrə ali komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycanın xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına ünvanlanıb.

 

 

 

Paylaş:
965

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər