Gürcüstanda prokuroru öldürməkdə təqsirləndirilən radio direktoru intihar edib
Gürcüstanda prokuror qətlə yetirilib.
Sameqrelo bölgəsinin prokuroru Vaxtanq Kiriya beş gün axtarışdan sonra Tiflisdə güllələnmiş halda tapılıb.
Cinayəti törətməkdə "Gürcüstanın səsi" radiosunun direktoru Bidzina Kuçarava şübhəli bilinir. Hüquq-mühafizə orqanları onun izinə düşdüyünü görən B. Kuçarava iki qohumunun yanında özünü güllələyib. Polis direktorun bu hərəkətinin səbəbini prokurorun ölümü ilə əlaqədar olduğunu bildirib. Axtarış zamanı B. Kuçaravanın evindən çoxlu silah aşkar edilib.
Prokuror V. Kiriyanın telefonu Tiflisin Rustavi küçəsində aşkar edilib. Polisin versiyasına görə, telefonu izi itirmək üçün həmin küçəyə atıblar.
İlkin versiyada prokurorun xidməti vəzifəsinə görə güllələndiyi ehtimal olunurdu. O, işğal altında olan Abxaziya ərazisində törədilən cinayəti araşdırırmış. Sonra isə məlum olub ki, özünü güllələyən radio direktoru onunla yaxın qohum olub və aralarında borc üstündə münaqişə baş verib. Prokurorun cəsədi də radio direktorunun adına kirayələnən evdə tapıldığı bildirilib.
Hadisə ilə bağlı cinayət işi qaldırılıb. Hazırda ekspertlər tərəfindən hadisə təhlil edilir.
APA