Daha 3 idmançımız Olimpiya Oyunlarına lisenziya qazandı – FOTO
Türkiyənin İstanbul şəhərində Rio-2016 Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa təsnifat turniri başa çatıb.
1news.az-ın məlumatına görə, 16-17 yanvar tarixlərində baş tutan yarış komandamız üçün uğurlu alınıb.
Turnirin ilk günündə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanan Fəridə Əzizovanın (67 kq) ardınca daha iki idmançımız eyni uğuru təkrarlayıb.
Belə ki, yığma komanamızın üzvü Milad Beigi Hərçəqanı (80 kq) latviyalı Yanus Kauneni (16:0), erməni idmançı Arman Yeremyanı (11:1) və yarımfinalda türkiyəli Yunus Sarını (10:1) böyük hesablarla məğlub edərək finala yüksəlib. İdmançımız finalda polşalı rəqibi Pyotr Pazinskiyə 14:2 hesabı ilə qalib gələrək turnirin qızıl medalını əldə edib.
Qadınlardan təmsilçilərimizdən isə Patimat Abakarova (49 kq) Dünya Taekvondo Federasiyasını təmsil edən Dino Poriunes-Lanqerudidən (4:1), yunanıstanlı idmançı İoanna Kotsudan (5:1), yarımfinalda isə ukraynalı İrina Romaldanovadan (3:1) üstün olaraq finala adlayıb. P.Abakarova finalda serbiyalı idmançı Tiyana Boqdanoviçi (6:5) mübarizədən kənarlaşdıraraq yarışın qalibi olub.
Beləliklə,Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına taekvondo üzrə lisenziya qazanan idmançılarımızın sayı 4-ə çatıb.
Xatırladaq ki, daha öncə komandamızın üzvü Radik İsayev 2015-ci ilin dekabrında 80+kq çəki dərəcəsində Olimpiadaya iştirak hüququnu təmin edib.
1news.az