“Bank of Azerbaijan” Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb
“Bank of Azerbaijan”ın adı Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb.
Fonddan 1news.az-a verilən məlumata görə, Mərkəzi Bankın İdarə Heyətinin 18 yanvar 2016-cı il tarixli, 04 saylı qərarı ilə “Bank of Azerbaijan” ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziyanın ləğv edilməsi ilə əlaqədar olaraq, 30 iyul 2007-ci il tarixdə 08 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Bank of Azerbaijan” ASC 19 yanvar 2016-cı il tarixində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və ona verilmiş şəhadətnamə ləğv edilib.
Hazırda Fonda üzv bankların sayı 42-dir.
Əmanətlərin Sığortalanması Fondu ictimaiyyətin diqqətinə çatdırır ki, 24 fevral 2015-ci il tarixindən etibarən qorunan əmanətlərin illik faiz dərəcəsinin maksimal həddi 12 %-dir.
“Bu faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilən əmanətlər qorunmur və bu əmanətlərə görə kompensasiya ödənilmir.
Hazırda Əmanətlərin Sığortalanması Fonduna üzv olan bir və ya bir neçə bankda sığorta hadisəsi baş verdiyi zaman Fond tərəfindən qorunan əmanətlərə görə əmanətçiyə hər bir sığorta hadisəsi üçün 30 000 manat məbləğində kompensasiya ödənilir.
Əmanətçilər onlara lazım olan məlumatları Əmanətlərin Sığortalanması Fondunun rəsmi veb səhifəsindən : www.adif.az əldə edə bilər, Fondla 941 saylı qaynar xətt, və ya 596 65 91/92 nömrələri vasitəsilə əlaqə yarada bilərlər”- deyə, Fonddan bildiriblər.
1news.az