Livanın “Al-Cumhuriyyə” qəzeti 20 Yanvar faciəsindən yazır
20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar Livanın geniş oxucu kütləsinə malik “Al-Cumhuriyyə” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Ağasəlim Şükürovun məqaləsi dərc edilib.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu barədə səfirlikdən bildirilib ki, məqalə, eyni zamanda, həmin qəzetin elektron saytında yerləşdirilib.
Diplomat məqaləsində 1990-cı il yanvarın 20-də keçmiş sovet ordusunun müxtəlif istiqamətlərdən Bakıya hücumlar həyata keçirərək, çox sayda dinc əhalini qətlə yetirdiyi barədə məlumat verib. Qeyd edib ki, dinc sakinlərə qarşı törədilən vəhşiliklər yaddaşlara dərin kədər hissləri ilə həkk olunsa da, xalqın azadlıq əzmini qıra bilməyib. O vaxt sovet rejiminin rəhbərliyində olan M.Qorbaçovun əmri ilə həyata keçirilən və məqsədi Azərbaycan xalqının müstəqillik arzusunu qan içində boğmaq olan hərbi əməliyyat nəticəsində 140-dan artıq insan qətlə yetirilib, 700-dən çox insan isə yaralanıb.
Bu gün müasir Azərbaycanın sürətlə inkişaf etdiyini bildirən səfir ölkəsinin regional və beynəlxalq miqyasda sabit və etibarlı tərəfdaşa çevrildiyi barədə də geniş məlumat verib.
Eyni zamanda 20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Azərbaycanın Livandakı səfirliyi bu ölkənin kütləvi informasiya vasitələrinə və Livanda akkreditə olunmuş diplomatik nümayəndəliklərə bəyanat ünvanlayıb.
1news.az