Prezident İlham Əliyev İran prezidenti Həsən Ruhaniyə telefonla zəng edib
Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə telefonla zəng edib.
Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.
Prezident İlham Əliyev İrana qarşı tətbiq edilən sanksiyaların götürülməsi münasibətilə İran Prezidentinə və xalqına təbriklərini çatdırıb və uğurlar arzulayıb.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan həmişə bu sanksiyaların əleyhinə olub və bununla bağlı rəsmi açıqlamalar verib. Azərbaycan Prezidenti sanksiyaların götürülməsindən bir daha məmnunluğunu bildirib.
İran Prezidenti Həsən Ruhani təbriklərinə və xoş sözlərinə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını çatdırıb və əlaqələrimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib.
Dövlət başçıları ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişafı, enerji məsələləri, ölkələrimizin dəmir yollarının birləşdirilməsi, Astara-Astara dəmir yolu xəttinin çəkilişi, investisiya layihələrinin icrası və digər məsələləri müzakirə ediblər.
1news.az